1 Aprel 2020 22:28
530
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Dünyada pandemiyanın yayılması, neftin qiymətinin aşağı düşməsi və ölkədə məhdudlaşdırıcı tədbirlərin həyata keçirilməsi təbii ki, sahibkarlıq subyektlərinə və iqtisadiyyata təsirsiz ötüşməyəcəkdir. Məhz bu məqsədlə dövlət başçısının verdiyi sərəncamda bir milyard manata yaxın vəsaitin ayrılması və 4 işçi qrupunun yaradılması nəzərdə tutulub. Sahibkarların və vətəndaşların bu proseslərdən az zərərlə çıxması vacibdir".

Bunu Teleqraf.com-a açıqlamasında millət vəkili Tahir Mirkişili deyib.

O bildirib ki, görülən tədbirlərin əsas məqsədi vətəndaşların sağlamlığının qorunmasıdır:

"Dövlət dəstəyi proqramları kifayət qədər düşünülmüş, orta və uzun müddətə əsaslanmışdır. Artıq nazirlik tərəfindən iqtisadi dəstək proqramlarının istiqamətləri və əhatəsi ilə bağlı təkliflər elan olunub. Əhatəsi kifayət qədər genişdir, təxminən 600 minə yaxın insanı əhatə edir".

Dəstək proqramlarının bir neçə istiqamətdən ibarət olduğunu vurğulayan millət vəkili bildirib ki, sahibkarlıq sahəsində çalışan işçilərə birbaşa yardımın göstərilməsi nəzərdə tutulur: "Çünki məhz məhdudlaşdırılma tədbirlərinin nəticəsində xeyli sayda insanın əmək haqqının ödənilməsində müəyyən çətinliklər mövcuddur.

Qeyd edim ki, 304 minə yaxın muzdlu işçi qeyri-neft sektorunda çalışır. Bu kifayət qədər böyük rəqəmdir".

Millət vəkili bildirib ki, bununla yanaşı 292 minə yaxın fərdi sahibkarlarla bağlı dövlətin dəstəyi ilə bağlı proqram hazırlanır: "Məhdudlaşma tədbirləri həm də fərdi sahibkarların, xüsusilə xidmət sektorunda çalışanların işinin məhdudlaşmasına gətirib çıxarıb. Bunlarla yanaşı, vergi güzəştlərində əlavə imtiyazların verilməsi, eyni zamanda sahibkarların banklardan götürdüyü kreditlərdə dövlət dəstəyi mexanizmlərinin hazırlanması ilə bağlı kifayət qədər maraqlı istiqamətlər mövcuddur. Belə ki, məhz bu dövr ərzində pandemiya ilə bağlı məhdudlaşdırıcı tədbirlərin təsirinə məruz qalan sahibkarların kreditlərinin faizlərinin ödənilməsində dövlət dəstəyi mexanizminin hazırlanması nəzərdə tutulub. Xüsusən də sahibkarların götürdüyü kredit faizlərinin 10 faizinə qədərinin dövlət tərəfindən ödənilməsi ilə yanaşı, yeni götürülən kreditlərdə girovun 60 faizinə dövlət tərəfindən zəmanət verilir. Eyni zamanda 3 illik götürülən kreditlərdə kredit faizlərinin 50 faizinin dövlət tərəfindən ödənilməsi ilə bağlı dəstək proqramında müddəalar yer alıb. Bu gün sahibkarlara veriləcək dəstəklər həm də növbəti mərhələdə iqtisadi aktivliyin qorunub saxlanılması baxımından əhəmiyyət kəsb edəcək".

Tahir Mirkişili bildirib ki, sahibkarlara dəstəklə yanaşı, tələbələrin təhsil haqqının ödənilməsi də proqramda öz əksini tapıb: "İpoteka kreditləri və xüsusən tikinti sektorunun canlanması ilə bağlı dövlət dəstəyi proqramında xüsusi müddəalar nəzərə alınıb. Həmçinin, kommunal ödənişlərdə insanlara ediləcək güzəştlər dəstək proqramında var".

Millət vəkili bildirib ki, əhalinin sağlamlığının qorunması dövlət başçısının əsas tapşırıqlarındandır: "Növbəti addımlarda isə iqtisadi aktivliyi qorumaq, sahibkarlara kömək etmək, böhrandan sonrakı mühitdə Azərbaycanın iqtisadi aktivliyini artırmaq barədə qısa, orta və uzunmüddətli proqramların hazırlanması əsas məsələlərdəndir. İndiki halda kifayət qədər operativ olaraq bu proqramların hazırlanması və ya icrası ilə bağlı dövlət başçısının verdiyi tapşırıq onu deməyə əsas verir ki, sahibkarlar da dövlət başçısının qayğısını və dəstəyini hər zaman hiss edir və edəcəklər. Çünki məhz bu qayğı və operativlik nəticəsində biz bu problemdən üzuağ çıxa və böhrandan sonrakı dövrə daha yaxşı hazırlaşaraq, gələcəkdə inkişaf dinamikasına sahib ola bilərik".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər