"Bu virusun yayılması, insandan-insana keçməsi hamı kimi bizi də çox narahat edir. Müəyyən gigiyenik qaydalara riayət etməklə, deyilənlərə məsuliyyətlə yanaşmaqla özümüzü və ailə üzvlərimizi qoruyuruq".
Bu sözləri Teleqraf.com-a açıqlamasında Xalq artisti Səidə Quliyeva deyib.
O, karantin rejimində maddi ehtiyacı olan insanlara kömək etdiyini də açıqlayıb:
"Sosial şəbəkələrdə də görürəm ki, insanlar bir-birinə kömək edirlər. Buna çox sevinirəm. Düzdür, insan etdiyini deməz, amma mən də imkan dairəsində müəyyən insanlara maddi tərəfdən köməklik göstərirəm.
Ümumiyyətlə, insanlar bir-birinə kömək etməlidirlər. Maddi gücləri çatmasa belə, mənəvi dayaq olmağa çalışsınlar. Bütün viruslar ziyanvericidir və insan orqanizmini zədələyir. Allahın köməyi ilə bu bəla da bizim başımızın üstündən keçib gedər. Səbrli olmalıyıq, səbr edən insanlar həmişə qalib gəlirlər".
Sənətçi bildirib ki, virusdan qorunmaq üçün evdə oturur:
"Evdə otururam, maska, spirt istifadə edirəm. Evdə də gigiyenik qaydalara mütləq əməl etmək lazımdır. Tərkibində "c" vitamini olan meyvələr ilə qidalanırıq. Dövlətimizin qayda-qanunlarına əməl edirik.
Onu da deyim ki, insanlar evdə özlərinə qapanmasınlar, indiyə qədər görmədiyi işləri görsünlər"..