4 Aprel 17:30
260

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Avto FM-in dəstəyi ilə “AzerNyuMedia” Şirkətinin Cinema Radio layihəsi (sahiblik hüquqları “AzerNyuMedia” Şirkətinə məxsusdur) 27 iyul 2019-cu il tarixindən Avto FM - 107.7 FM-də yayımlanır.

Teleqraf.com-un məlumatına görə, layihə bir saat ərzində dünya, yerli kino bazarında baş verən hadisələri müqayisəli şəkildə təqdim edir. Layihə dörd rubrikadan - “Özgə Cinema”, “Doğma Cinema”, “Dost Cinema” və “Qazan Cinema” rubrikalarından, yeni Azərbaycan filmlərinin (xüsusilə dövlət sifarişi ilə istehsal edilən filmlər) audiotreylerindən, yerli və əcnəbi səs yazılarından ibarətdir.

“Dost Cinema” rubrikasında tanınmış kinematoqrafçılarlar, Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin, eləcə də dövlət studiyalarının rəhbərləri və əməkdaşları ilə müzakirələr aparılır.

“Qazan Cinema” rubrikasında CinemaPlus kinoteatrlar şəbəkəsinə bilet oynanılır. Bu günə qədər Özbəkistanın Əməkdar artisti Rano Şodiyeva, görkəmli kinorejissor Əli Xamrayev sosial şəbəkələrdə Azərbaycan dinləciyilərinə “Cinema Radio”nu dinləməyi tövsiyə ediblər.

Hazırda bütün dünyanı bürümüş koronavirus pandemiyası ilə əlaqədar “Cinema Radio” da xüsusi rejimdə fəaliyyət göstərir. Belə ki, layihə Azərbaycan Respublikası Mədəniyyət nazirinin “Cinema Radio” dinləyicilərinə müraciəti ilə başlanır. Ölkə ərazisində kinoteatrların dayandırılması səbəbindən, “Qazan Cinema” rubrikası təxirə salınıb, əvəzinə “Fakt Cinema” rubrikası fəaliyyətə başlayıb. Rubrika dünya kinosunda baş vermiş maraqlı, qeyri-adi və bəzən də yumoristik faktları dinləyicilərə çatdırır. “Bütün yollar kinoya aparır” sloqanı ilə yayımlanan Cinema Radio, artıq “Sizin kinokainatdakı bələdçiniz” sloqanını da əlavə edib.

Layihənin rəhbəri və ssenari müəllifi Kamran Qasımov, aparıcısı RJ Yaqut, layihənin məsləhətçisi Əməkdar İncəsənət xadimi Cəmil Quliyev, səs rejissoru Samir Əsədov, musiqi rəhbəri Yaşar Baxışdır. Layihənin orijinal versiyası hər həftənin şənbə günü saat 15:00-da Avto FM-də yayımlanır.


Müəllif: Teleqraf.com