Teleqraf.com-un “Düşünmək vaxtı” rubrikasının qonağı yazıçı Səhər Əhəməddir.
Onunla müsahibəni təqdim edirik:
- İnsanların çoxu inanmır ki, belə bir pandemiya var. Bu inamsızlıq nədən qaynaqlanır, nə düşünürsünüz? Halbuki dünyanın dörd bir tərəfindən xoşagəlməz xəbərlər gəlir.
- Toplum adətən, absurd şeylərə daha tez inanır. Öz ağlından istifadə etmək əvəzinə hazır nağıllara inanmağı üstün tutur. Həqiqətdən çox şaiyəyə, elmdən çox mifologiyaya, tibdən çox türkaçarəyə, məntiqdən çox fantaziyaya. Fakt qoyursan ortaya, sənə hədis danışır. Baxın, dünyada pandemiyanın fəsadlarıyla bağlı yüzlərlə video var, bunlar qalır, hansısa dezoya inanırlar və həmin dezonu həvəslə yayırlar. Böyük bir qisim bu tip adamlardır. Sonra axına qarşı üzmək istəyənlər, hər mövzuda fərqli mövqedə olmaq istəyənlər, camaatı çaşdırmaqdan zövq alanlar və nəhayət həqiqətdən qorxub uydurmaya sığınanlar var. Yəni, şirin yalan və acı həqiqət məsələsi. Bu, məsuliyyətsizlik aşılamırsa, bir tərəfdən də xeyirdir. İnsan beyini orqanizmi qorumaqda görəvlidir. O bilir ki, təhlükəni tam dərk etsə, dözməyəcək, stressə düşəcək, rahatlığını iturəcək, buna görə də “boş şeydir” deyib özünü sakitləşdirir.
Bir tərəfdən də bizdə televiziya kanallarına bir inamsızlıq var. Yalançının evi yandı məsələsi. Əslində isə burada dərk edilməyəcək bir şey yoxdur, koronavirus elmə məlum olan virusdur. Vəhşi heyvanlarda yaşadığı, insanlara nə vaxtsa keçmək riski olduğu aydın idi. Həm də bu, tarixdə ilk pandemiya deyil.
- Sizi gələcəyə dair ən çox nə narahat edir?
- Mən bəziləri kimi pessimist deyiləm, düşünmürəm ki, qiyamət yaxınlaşır, ay nə bilim, təbiət insandan qisas alır. Mən kainatın özünüidarəsinə inanıram. Bəşəriyyətin inkişaf mexanizmi - öz qanunauyğunluqları, qabarıb-çəkilmələri, nizamlayıcı sistemi var. Bu, insan iradəsindən kənar bir şeydir. Bax, məsələn, qürurlandığımız müasir tibb, müasir dünya mikroskopik bir virusun qarşısında necə aciz qaldı? Demək ki, biz bəzi şeyləri dəyişə bilmərik, hansısa yollarla kainat özü-özünü tənzimləyir və həyat yenə davam edir. Bütün müharibələrin, soyqırımların çox xırda, gülünc səbəbi var, amma o əsl səbəbləri biz görmürük, bunlar görünməyən tərəfdədir. Mən təsadüflərə yox, zərurətlərə inanmağın tərəfindəyəm. Pessimist proqnozlara da qarşıyam.
- Niyə insanı ölümündən sonra dünyada saxlamaq istədiyi məni daha çox düşündürür, yoxa çıxdıqdan sonra onun haqda nə danışacaqları nəyinə lazımdır?
- Bu mənim də anlamadığım məsələdir. Loru bir misal çəkəcəm, bax, keçən ilin “Nəsimi ili” adlanmasının İmadəddin Nəsiminin özünə nə aidiyyəti var? Axı o yoxdur, bunu duymur, buna sevinmir, qürurlanmır. Əvəzində sağlığında daha az işgəncə görsə, bundan yaxşıydı. Amma tutaq ki, dahilərin taleyi budur, onlar daha çox dünyada olmayanda öz haqlarını alırlar, yəni bu tale qaçılmazdır. Amma adi adamlar da bəzən bunu arzulayır, buna can atırlar və bu mənə çatmır, nəylərinə lazımdır axı. Onsuz da onlarda alınmayacaq, bu, düşünməklə, planlaşdırmaqla olmur, bunu haqq etmək lazımdı. Şəxsən mən gələcəkdəki şöhrəti bu günümün hüzuruna asanlıqla dəyişərdim. O məşhur sitatdakı kimi, “Mən varam, dünya var, mən yoxam, dünya yoxdu”.
- Tələsərək yaşayarkən, həyatdan şikayət edib özümüzü təcrid edərkən nələr gözlərimizdən qaçır, yəni niyə sağkən həyatı dolu-dolu yaşa bilmirik, xoşbəxtliyimizə nə əngəl olur?
- Əgər biz sualın cavabını tapsaydıq, o əngəli aradan qaldırıb asanlıqla xoşbəxt olardıq. Ümumən həyatın hər anını doya-doya yaşamaq özü də yorucu olardı axı. İnsan əsrlərdir bu “Niyə?” sualını verir özünə. Amma heç kim cavab tapmır. Çünki cavab yoxdur. Yaşamaq elə bu “niyə”nin özüdür, xoşbəxtliyi axtarmaqdır, yəqin ki, tapsaq, bir ömür onunla xoşbəxt ola bilmərik. İlboyu davam edən bir yaz fəsli təsəvvür elə, yaxud heç axşam düşməyəcək bir gündüz. Yeknəsəq olar, deyilmi? Amma bahar necə gəlir? Yavaş- yavaş. Ya sabah neçə açılır? Zərrə- zərrə. Özümdən sitat gətirim: Yaşamaq eşqinin çoxluğu da öldürər adamı, ona görə də həyat onu bizə ağrıkəsici dərmanın içindəki narkotik kimi tənzimləyib verir. Düzdür, mübahisəli fikirdir, amma mən otdakı dumanlı həqiqətə inanıram.
Son günlərdəki karantini götürək, əksəriyyətimiz işdən, tıxacdan, səsdən, izdihamdan bezmişdik. Yatsaq yuxumuza girməzdi ki, bizə belə dincəlmək şansı veriləcək. Amma üç gün keçmiş darıxmağa başladıq, deməli, həyatın mənası elə zəhmətlə istirahətin, qışla yazın, gecəylə gündüzün növbələşməsindədir.
- Pandemiya elm və bilginin ən böyük silah olduğunu insanlara başa sala, sonda bizim bu durumdan aldığımız dərs bu ola biləcəkmi?
- Yox, heç nə başa salmayacaq. Bu, tarixin birinci dərsi deyil ki. Hansı müharibələr, təbii fəlakətlər insanlara dərs ola bildi ki, bu da olsun. Biz hər yas yerində, hər dəfndə həyatın faniliyini dəhşətli şəkildə anlayırıq. Amma yas yerindən uzaqlaşan kimi, məzarlıqdan çıxan kimi hər şeyi unuduruq.