Binəqədi bələdiyyəsinin sədri Niyaz Niftiyev 3 ay müddətinə həbs edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Nərimanov rayon məhkəməsi qərar qəbul edib.
Qeyd edək ki, Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğu aprelin 16-da Binəqədi qəsəbəsi Bələdiyyəsinin sədri Niyaz Niftiyev və həmin qurumun Bələdiyyə Gəlirlərinin və Yerli Vergilər Şöbəsinin rəisi Sahib Abışovun saxlanılması barədə birgə məlumat yaymışdı. Məlumatda deyilirdi:
"Daxil olmuş əməliyyat məlumatı əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən xüsusi tədbir nəticəsində Binəqədi qəsəbəsi Bələdiyyəsinin sədri Niyaz Niftiyev və həmin qurumun Bələdiyyə Gəlirlərinin və Yerli Vergilər Şöbəsinin rəisi Sahib Abışov xüsusi karantin rejimi qaydalarını pozaraq sərbəst hərəkət etmək istəyən ayrı-ayrı şəxslərə onların qəsəbə ərazisində guya meyvə-tərəvəz və digər yeyinti məhsullarının satışı ilə məşğul olduqları barədə saxta arayışlar satan zaman xidməti otaqlarında saxlanılıblar.
Araşdırma zamanı Niyaz Niftiyev və Sahib Abışovun martın 31-dən aprelin 14-nə qədər müxtəlif şəxslərə karantin postlarında yoxlamalar zamanı təqdim etmək üçün 431 ədəd saxta arayış satdıqları məlum olub. Bununla da Niyaz Niftiyev və Sahib Abışov saxta sənəd satdıqları şəxslərin xüsusi karantin qaydalarının tələblərini pozaraq sərbəst hərəkət etməsinə şərait yaradıblar. İstintaqın gedişi zamanı saxta arayışların satıldığı şəxslərin də izahatları alınıb və onlar qeyd edilən saxta buraxılış sənədlərini pul müqabilində Binəqədi qəsəbə Bələdiyyəsindən əldə etdiklərini bildiriblər".
Onu da qeyd edək ki, aprelin 17-də Niyaz Niftiyev barəsində polis nəzarəti qətimkan tədbiri seçilmişdi.