4 May 2020 13:53
3 331
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un “Tanımadığımız azərbaycanlılar” rubrikasında dünyaca məşhur olan, amma azərbaycanlı olduğunu çox az adamın bildiyi, çoxumuzun isə heç bilmədiyi şəxsiyyətlər haqda məlumatlar təqdim edilir.

Haqqında internet vasitəsilə məlumat əldə etdiyimiz şəxs türk kinosu və teatrının ən məşhur simalarından biridir. Azərbaycan əsilli aktrisa Sinəm Ünsaldan danışırıq.

İki sezondur Türkiyənin “Fox” telekanalında yayımlanan və izlənmə rekordu qıran “Mucize doktor”un Nazlısı Sinəm Ünsal istər gözəlliyi, istərsə də istedadı ilə diqqət çəkməyi bacarır.

Sinəm Ünsal azərbaycanlı bir ata və çərkəz kökənli bir ananın ikinci övladı kimi dünyaya gəlib. 1993-cü il iyunun 21-də də İzmir şəhərində doğulub.

Əskişəhir Universitetinin Ədəbiyyat fakültəsinin məzunudur. Gənc aktrisanın kino karyerası 2017-ci ildə rol aldığı serialla başlayıb. Son üç ildə “Siyah beyaz aşk”, “Çoban yıldızı, “Kızım” və “Mucize doktor” kimi məşhur ekran əsərlərində rol alıb.

Sinəm, “Mucize doktor” serialında ona Türkiyə, Azərbaycan və dünyada məşhurluq qazandıran Nazlı Güləngül obrazına həyat verib.

Sinəm Ünsalın uşaqlıq illəri doğulub böyüdüyü İzmirdə keçib. Əskişəhirdə ali məktəbi bitirdikdən sonra İstanbul şəhərinə gəlir. Sənət yoluna ilk addımları da İstanbulda atır.

Özəl kurslarda kino və teatr təhsili alan gənc aktrisa 2017-ci ildə televiziya və kino dünyasında özünü göstərməyə başlayır. İlk serial təcrübəsi olan “Çoban yıldızı”nda Günəş, “Siyah beyaz aşk”da Gülsüm obrazları ilə diqqət çəkir. 2018-ci ildə “Kızım” serialında canlandırdığı Sevgi müəllim xarakteri və cazibədar görünüşü ilə hər kəsin bəyəndiyi bir aktrisaya çevrilir.

2019-cu ildə teatr səhnələrində də, rol almağa başlayan Sinəm Ünsal həmin il “Afife Jale” mükafatına namizəd göstərilir. Eyni ildə 25-ci dəfə təşkil olunan “Lion Türkan Kahramankaptan Teatr Mükafatları” nominasiyasında “İlin ən gənc aktrisası” mükafatına layiq görülərək, öz istedadını taclandırır.

2019-cu ildən “Fox” TV-də yayımlanan və yeni yayın dönəmində ekranlara öz möhrünü vuran “Mucize doktor” serialında Nazlı obrazını canlandıran Sinəm Ünsal istər gözəlliyi, istər istedadı, istərsə də öz obrazı ilə Türkiyə və Azərbaycanda tamaşaçıların sevgisini qazana bilir.


Müəllif: Mənsur Rəğbətoğlu