2 Oktyabr 2014 18:41
913
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov BMT-nin Qlobal Geoməkan Məlumatlarının İdarəolunması üzrə Təşəbbüsünün Avropa Regional Bölməsinin təsis iclasında ölkəmizi təmsil edib. Moldova Respublikasının Kişinyov şəhərində baş tutan təsis iclasında Bölmənin İcraçı Komitəsinin sədri, müavini və üzvləri seçilib, həmçinin UN-GGIM: Europe Əsasnaməsi və Prosedur qaydaları qəbul edilib.

DTXK-dan Teleqraf.com-a daxil olan xəbərə görə, UN-GGIM: Europe təşkilatının normativ sənədlərinə əsasən BMT-də qəbul olunmuş praktikaya görə həmin qurumda ölkəmizi yalnız DTXK təmsil edəcək.

Tədbir çərçivəsində keçirilən görüşlərdə Prezident İlham Əliyevin Sərəncamı ilə nəşr olunan “Cənubi Qafqaz. 1903-cü il” xəritəsi, işğal altında olan ərazilərin xəritəsi və yenicə nəşr olunmuş “Azərbaycan Respublikasının Milli Atlası” aparıcı ölkələrin xəritəçəkmə qurumlarının rəhbərlərinə təqdim edilib.

Qeyd olunub ki, Avropa İttifaqında məkan məlumatları infrastrukturunun yaradılması üzrə Avropa Parlamenti və Avropa İttifaqının 14 mart 2007-ci il tarixli 2007/2/EC Direktivinin 18-ci maddəsinə müvafiq olaraq Avropa ölkələrinin tam əksəriyyətində milli məkan məlumatları infrastrukturu üzrə hökumət orqanlarının koordinasiya qurumları yaradılıb. Ekspertlər tərəfindən Azərbaycanda da müvafiq əlaqələndirmə şurasının yaradılmasının zəruriliyi xüsusi vurğulanıb. Müvafiq şuranın yaradılması ölkəmizin dünya geoməkan məlumatlarının idarəolunması sisteminə qabaqcıl standartlar əsasında inteqrasiya olunmasına xidmət etməklə, yeni yaradılmış BMT-nin Qlobal Geoməkan Məlumatlarının İdarəolunması üzrə Təşəbbüsünün Avropa Regional Bölməsində ölkəmizin mövqelərinin daha da güclənməsini təmin edəcək.

NİGAR


Müəllif: