Yaxın günlərdə yeni modul tipli xəstəxanamız açılacaq, tibb işçilərimiz oraya cəlb ediləcək.
Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın brifinqində deyib:
"Bəzi tibb müəssisələrində simptomatik halların artımı müşahidə olunur. "Yeni klinika"da 100-dən artıq koronavirus xəstəsinin müalicəsi aparılır. Eyni zamanda ,10 yeni laboratoriyanın qurulması planlaşdırılır. Bu bizim test aparma imkanlarımızı artıracaq. Yaxın günlərdə 260000-ə yaxın test aparılıb".
Ramin Bayramlı əlavə edib ki, ölkədə aparılan test sayı yoluxma hallarınln aşkar olunmasına adekvatdır: "Vətəndaşların müəyyən edilmiş qaydalara riayət etmələri testlərin sayından daha önəmlidir. Bu günə qədər aparılan testlərin 1,3 faizi pozitiv aşkarlanıb. Ola bilər ki, testlərin sayında azalma olsun.
Gələn aydan seroloji testlər də aparılacaq. Bu testlər orqanizmin fərdi immun cavabının necə olduğunu göstərəcək. Koronavirusa qarşı yaranan anti-cismlərin davamlılığının nə qədər olduğu müəyyən olunacaq. Bu testlər ölkəmizdə koronavirus pandemiyasının qeydə alınmasında, Ağciyər institutunda vəziyyəti ağır olan xəstələrin üzərində də tətbiq olunacaq. Bu bizə koronavirusun daha əvvəl ölkəmizdə olub-olmadığını müəyyən etməyə kömək edəcək".
O qeyd edib ki, xəstələrdən əldə olunan plazma müalicələri davam edir: "Bu müalicələrin nəticələri seroloji testlərlə müəyyən olunacaq.
Vəziyyəti ağırlaşan xəstələr əsasən evdə özünü müalicəyə cəhd edən şəxslərdir. Evdə özünü müalicəyə cəhdin qarşısı alınmalıdır" .
Ramin Bayramlının sözlərinə görə, çağrı mərkəzinə 2000 zəng daxil olunub. Həmçinin xaricdən ölkəmizə vətəndaşların gətirilməsi davam edir: "1139 nəfər karantinə alınıb. Bu vətəndaşların 20 faizindən çoxunda pozitiv nəticə qeydə alınıb. Bu həftə ərzində 600 nəfər Almaniya, Polşa və Belarusiyadan ölkəmizə gətirilib".
Ramin Bayramlı əlavə edib ki, bir təyyarədə gələnlərin 30 faizində yoluxma qeydə alınıb və bu səbəbdən təyyarədə olanlar karantinə götürülüb: "Hazırda dünyada virusun nə vaxt bitəcəyi tarix bilinmir. Virusla mübarizənin nə qədər davam edəcəyini bilmədiyimiz üçün virusla yaşamağı öyrənməliyik. Həyati riskləri nəzərə alsaq, imtina edəcəyimiz şeylərə önəmli deyil".