4 İyun 2020 15:33
643
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həftə sonları sərt məhdudiyyətlər vətəndaşların sağlamlığını qorumaq məqsədi daşıyır. Pandemiyanın ilk günlərində vəziyyətin nəzarət altında saxlanılması, bir çox ölkələrlə müqayisədə Azərbaycanın bu bəladan minimum itkilərlə çıxması məhz hökumətin qəbul etdiyi qərarların effektliyi ilə mümkün olub. Bu səbəbdən də karantin rejimindən mərhələli çıxmaq planının icrasına başlanılıb.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Yusif Bağırzadə deyib:

“Lakin çox təəssüf ki, vətəndaşlarımızın əksəriyyətinin karantin rejiminin tələblərinə əməl etməməsi yoluxan və sağalanların sayı arasında ciddi fərqin yaranmasına gətirib çıxarıb, bu da öz növbəsində qaydaların yenidən sərtləşdirilməsi barədə təkliflərin irəli sürülməsini zəruri edib.

İnsanlarımızın karantin qaydalarına əməl etməməsi ölkədə yeni situasiya yaradıb. Başa düşmək lazımdır ki, karantin rejiminin sərtləşdirilməsi və ya yumşalması zərurətdən asılıdır. Təbii ki, hökumət bu məhdudiyyətləri istəmir, vətəndaşlar da istəmir. Çünki bu, çox ciddi iqtisadi problemlərə səbəb ola bilər. Bu gün kifayət qədər ərzaq ehtiyatının olması, həmçinin maskaların və tibbi spirtin ölkədə istehsalının təşkili vətəndaşlarımızda heç bir narahatlığın olmamasına xidmət edir.”

Yusif Bağırzadə bildirib ki, hökümət üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir: “Lakin pandemiya ilə mübarizə təkcə hökumətin üzərinə düşən vəzifələrdən ibarət deyil. Hər bir vətəndaşımız da öz vəzifələrini yerinə yetirməlidir ki, qısa müddət ərzində bu bəladan xilas olub, normal sosial həyata qayıda bilək.

Vətəndaş olaraq üzərimizə düşən vəzifə isə çox sadədir: öz sağlamlığını qorumaq, sosial məsafəyə riayət etmək, maska taxmaq, Operativ Qərargahın göstəriş və tövsiyələrinə riayət etmək. Cənab Prezident İlham Əliyevin iyunun 3-də Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edərkən maskadan istifadə etməsi hər bir Azərbaycan vətəndaşı üçün nümunə olmalıdır. Hər bir vətəndaş öz şəxsi məsuliyyətini hiss etməlidir”.

Politoloq hesab edir ki, virusa qalib gəlməyin hələ ki yeganə yolu ona yayıla biləcək yeni imkanlar yaratmamaqdır: “Virsun yoluxma ehtimalını nə qədər minimuma endirə bilsək, qələbəni də bir o qədər tez əldə etmiş olacağıq. Odur ki, səfərbər olmalı və düşmənə yeni canlar verməməliyik”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər