8 İyun 2020 17:06
27 738
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azad Demokratlar Partiyasının sədri, Milli Təhlükəsizlik nazirinin sabiq birinci müavini Sülhəddin Əkbərin mediaya son müsahibəsində səsləndirdiyi bəzi fikrlər ictimaiyyətdə maraqla qarşılanıb. Xüsusilə, "KQB" və agentura arxivinin açılması, AXC hakimiyyətində Rusiyaya işləyən şəxslərin təmsil olunması, 4 iyun Gəncə qiyamı, Qəbələdə qızıl axtarılması üçün göstəriş və digər məsələlərlə bağlı açıqlamalara əks arqumentlər də diqqət çəkir.

Teleqraf.com bu dəfə mövzu ətrafında mərhum prezident Əbülfəz Elçibəyin şəxsi mühafizə xidmətinin rəhbəri olmuş Oqtay Məmmədovla söhbətləşib. Onunla müsahibəni təqdim edirik.

- Oqtay bəy, Sülhəddin Əkbər müsahibəsi zamanı bir çox məqamlara aydınlıq gətirmək istəyib, 27 illik analizinin nəticəsi olaraq müəyyən arqument və faktlar səsləndirib. Sülhəddin bəyin müsahibəsində səsləndirilən fikirlərə ümumi reaksiyanız nədən ibarətdir?

- Sülhəddin bəyin dediklərinin əksəriyyəti ilə razı deyiləm. Çünki müsahibəsində bir fakt belə səsləndirilməyib.

Birincisi, agentura arxivinin açılması məsələsinə gələk. Buna o dövrdə ən çox etiraz edənlərdən biri Sülhəddin Əkbərin özü olub. Fəxrəddin Təhməzov da buna qəti etiraz edib. Bildiriblər ki, arxivlər açılsa, MTN-nin işi iflic olacaq.

İkincisi, Sülhəddin Əkbər iddia edib ki, guya fevralda hakimiyyət məsələsi həll edilibmiş. Hətta çoxları kimi o da iddia edir ki, 8 saatlıq görüş olub. Əvvəla deyim ki, həmin görüş 8-10 saat çəkməyib. Qəti şəkildə bildirirəm ki, görüş 4 saat sürüb. Onun da bir saatı rəsmi görüş olub. Saat 12-yə qalmış biz prezidentlə birlikdə iqamətgaha gəlmişik. Bilirdik ki, Heydər Əliyev də gələcək. Çünki rəhmətlik akademik Həsən Əliyevin yas mərasimində görüş olacağına dair məlumat gəlmişdi.

Biz 12-yə 10 dəqiqə işləmiş iqamətgahda olduq. Əbülfəz bəy ikinci mərtəbəyə qalxdı. Az sonra Heydər Əliyev gəldi, onu qarşıladıq, divanda yer göstərdik, çay təşkil olundu. Təxminən 5-6 dəqiqədən sonra Əbülfəz bəy aşağı düşdü. 5 dəqiqə orada danışdılar, bu zaman prezidentə də çay gətirildi. Sonra görüşün olacağı otağa keçdilər. Təxminən 40-45 dəqiqə söhbət etdilər.

Otağın qapıları açıq idi, onlara çay aparanlar, qulluq edənlər vardı. Bu görüş 15-20 adamın gözü qarşısında baş verirdi. Təxminən 40 dəqiqədən sonra Heydər Əliyev çıxdı.

Bundan əvvəl Leyla Yunus da hansısa kanalda “tarix dərsi keçmişdi”. Demişdi ki, guya İsgəndər Həmidov avtomobili ilə iqamətgahın həyətinə daxil olub, guya içəri girib. Bu, qətiyyən olmayıb və mümkün olası iş də deyildi. İsgəndər Həmidov buna getməzdi də.

Ümumiyyətlə, 1 illik müddətdə iqamətgaha cəmi bir avtomobil buraxılıb. O da Elçibəyin şəxsi tapşırığı ilə Heydər Əliyevin avtomobili olub. Heydər Əliyev çıxanda avtomobil içəri daxil olaraq onu aparıb. Bundan savayı heç kimin avtomobili iqamətgah ərazisinə buraxılmayıb. Milli Məclis sədrinin, baş nazirin avtomobili iqamətgahın qarşısında dayanırdı, onlar düşüb piyada içəri daxil olurdular. Qaydalar belə idi.

Prezidentin icazəsi olmadan qaydaları heç kəs poza bilməzdi. Odur ki, indi deyilənlər adama qəribə gəlir. Bir daha deyirəm, görüş 40 dəqiqəlik çəkdi, Heydər Əliyev gedəndə Əbülfəz bəy onu yeməyə dəvət etdi. Heydər Əliyev də təklifi qəbul etdi. Birgə yemək yedilər. Yemək zamanı da qapı açıq idi, xidmətçilər onlara xidmət edirdilər. Hansı gizli görüşdən söhbət gedə bilərdi? Əgər gizli görüşə ehtiyac olsaydı, Heydər Əliyev kimi təcrübəli siyasətçi bunu bacara bilməzdimi? Və ya Əbülfəz Elçibəy desəydi, məxfi görüşü var və bunu təşkil etmək lazımdır, bəyəm mən edə bilməzdim?

Qeyd edim ki, təxminən o dövrdə biz Bakıda Elçibəy, Şevardnadze və Dudayevin məxfi görüşünü təşkil etmişdik və bundan o zaman rus kəşfiyyatı xəbər tuta bilməmişdi.

Həm də Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin sədri idi, rəsmi şəxs sayılırdı. Onunla ölkə prezidenti arasında görüş təbii idi. Gizli görüşsə bu şəkildə olmur. Bu mənada deyilənlər boş şeydir. Sülhəddin Əkbər MTN-də faktiki ikinci adam olub. Danışanda məntiq və faktlara istinad etməlidir.

- Elçibəyin bir illik prezidentliyi dönəmində gizli görüşləri olurdumu?

- Yuxarıda qeyd etdim ki, biz bir dəfə üçlüyün görüşünü təşkil etmişdik.

- Cəmi bir dəfə...

- Mən hər şeyi danışa bilmərəm. Dövlət var, dövlətin sirləri var. Üçlüyün görüşü haqqında İsgəndər Həmidov bir dəfə bəhs edib. Əslində onun üzərindən uzun illər keçdiyinə, habelə əhəmiyyətini itirdiyinə görə diqqətinizə çatdırdım.

- Sülhəddin Əkbər doğurdanmı prezident Əbülfəz Elçibəyə siyahı təqdim etmiş və bununla bağlı heç bir tədbir görülməmişdi?

- Sülhəddin Əkbər "KQB"yə bağlı olan iki şəxsin adını vermişdi. Bu şəxslərin heç birinin rus kəşfiyyatına işləməsi mümkün deyildi.

- Sülhəddin Əkbər kimlərin adını vermişdi?

- Sülhəddin Əkbər prezidentə Milli Məclisin sədri İsa Qəmbərlə baş nazir Pənah Hüseynin adını təqdim eləmişdi. Əslində onların adlarını prezidentə verməkdə tamam başqa məqsəd güdülürdü.

- O vaxt Sülhəddin Əkbərlə Prezident Əbülfəz Elçibəyin münasibətləri hansı səviyyədə idi?

- Normal münasibətləri vardı. Sülhəddin Əkbər nazir müavini idi, özü də hərəkatdan gəlmişdi və bu səviyyədə münasibətlər saxlanılırdı. Elə fövqəladə bir yaxınlıq yox idi. Sülhəddin Əkbərin milli təhlükəsizlik naziri vəzifəsinə təyin edilməsinə prezidentin özü etiraz etmişdi.

- Bəs Elçibəyin Sülhəddin Əkbəri Qəbələnin Vəndam kəndinə qızıl axtarışına göndərməsi hansı məqsədə xidmət edirdi?

- Qızıl məsələsi Sülhəddin Əkbərin özünün ideyası idi. Bunun prezidentlə nə əlaqəsi?

- Ancaq iddia edir ki, bunu Əbüıfəz Elçibəyə İmam Mustafayev deyib. Sonradan bu məsələ mərhum akademik Ziya Bünyadovla da müzakirə olunub...

- Mən bu haqda eşitməmişəm. Bildiyim odur ki, qızıl axtarmaq ideyası Sülhəddin Əkbərin özünə məxsus idi. Həm də Sülhəddin Əkbər hansı səbəbdən izolyasiya üçün Qəbələyə göndərilsin?

Hələ mən demirəm ki, o, Gəncəyə özbaşına getdi və qiyamçılara əsir düşdü. Gəncədə Surət Hüseynovu evindən çıxarkən əvvəl saxlayıb, sonra buraxan xüsusi rota birbaşa Sülhəddin Əkbərə tabe idi. Surəti niyə saxlayıb, sonra da buraxmışdılar?

- Əslində o dövrdə qızıl axtarışı Kürdəmirdə aparılıb. Bildiyim qədər nələrsə də tapılıb. Hətta dövlət katibi ilə daxili işlər naziri təcili Kürdəmirə də yollanıb. Bu nə məsələ idi, tapılan xəzinənin taleyi necə oldu?

- Kürdəmirlə Ucarın arasında Şiyan tərəfdə belə bir şey olmuşdu. Bilmirəm ərazi Ucara düşürdü, yoxsa Kürdəmirə. Səhv etmirəmsə, Şilyan kəndində idi. İnsanlar traktorla qazıntı aparanda qızıl tapmışdılar. Sikkələrdən bir neçəsi Bakıya gətirilmişdi. Bunu da bizim Tarix Muzeyinə vermişdilər və yoxlanılmışdı. Mən bilən indi muzeydə həmin sikkələrdən var. Onun dəyəri təxminən 2 min manat idi.

- İsgəndər Həmidovla Pənah Hüseyn niyə təcili Kürdəmirə gedib bu məsələni araşdırmağa başlamışdılar?

- Məndə bu haqda informasiya yoxdur. O zaman bu işlərlə Ləl-Cəvahirat Fondunun rəhbəri İsfəndiyar İsgəndərov məşğul olurdu. Getmək lazım olsaydı, o gedərdi. İsgəndər Həmidovla Pənah Hüseynin orada nə işi vardı? Bəli, Şilyan kəndində qızıl tapılmışdı. Onun da böyük hissəsi Kürdəmidə bir diş həkimi vasitəsilə əridilib yox edilmişdi. Çoxu məhv edilmişdi, az bir qismi ələ keçmişdi. Qalanını mən bilən, Pənah Hüseyn Ləl-Cəvahirat Fonduna vermişdi.

- Doğrudurmu Sülhəddin Əkbər o dövrdə prezidentə təklif edibmiş ki, Müdafiə Nazirliyi genişləndirilsin, kəşfiyyat xidməti nazirliyə tabe etdirilsin, özü də bu quruma müavin təyin olunsun?

- Bu haqda ilk dəfə eşidirəm.

- Sülhəddin Əkbərə niyə arxivlərə baxmaq üçün imkan yaradılmamışdı?

- Arxivlər Sülhəddin Əkbərin ixtiyarında idi. Necə yəni ona imkan yaradılmamışdı? Ehtimal olunurdu ki, arxivi Rusiyaya bağlı qüvvələr götürə bilərlər, buna görə möhürlənmişdi. Sən ora nazir müavini təyin edildikdən sonra arxiv sənin ixtiyarında idi də. Guya orada sənin üzərində kim vardı, kim sənə qadağa qoymuşdu ki? Durub desin ki, mənə filankəs qadağa qoymuşdu...

- Sülhəddin Əkbər müsahibəsində eyham vurur ki, hökumətin müdafiə naziri olan Dadaş Rzayev Rusiya ilə əlaqəli adam idi...

- Mənim bildiyim odur ki, Dadaş Rzayev uzun müzakirələrdən və ona edilən fasiləsiz israrlardan sonra bu vəzifəni qəbul etmişdi O, nazir olmaq istəmirdi. Uzun danışıqlardan sonra onu razı saldılar. Daha onun harasa bağlı olduğu haqda məndə informasiya olmayıb. O dövrdə kimin hara bağlı olduğunu müəyyən etmək çətin məsələ idi. Durub kimə deyə bilərsən ki, sən kəşfiyyata işləyirsən. Desən, bunu sübuta yetirməlisən. Yetirə bilmirsənsə, danışmaq düzgün deyil.

Xüsusi xidmət orqanının rəhbərliyində olan şəxsin bunu deməyə heç haqqı yoxdur. Sübutun varsa, çıxar qoy ortaya.

Sözsüz ki, Dadaş Rzayev Əfqanıstanda olmuşdu, müharibə yolu keçmişdi, sovet ordusunda yüksək rütbəli zabit sayılırdı. Yəqin ki, rus kəşfiyyatında adı keçmişdi. Aşağı rütbəli hərbçi deyildi. Ümumiyyətlə, SSRİ-də yüksək vəzifə və rütbəsi olan zabitlərin hamısının rus kəşfiyyatında adı keçib. Bu da normaldır...

- Sülhəddin bəyin müsahibəsində Əbülfəz Elçibəyi başqa dövlətlə əlaqələndirmək cəhdini hiss etdinizmi?

- Mümkün olan şey deyil. Bu iddia ilə niyə çıxış edir, məqsədi nədir, mən bilmirəm. Açığı, müsahibədə bir qədər də qarayaxmalar var. Əbülfəz Elçibəyə heç bir ləkə yaraşmır. Hakimiyyət dövründə müəyyən səhvlər edə bilərdi. Səhv etməyən insan yoxdur. Amma onu harasa bağlamaq, özü də Əbülfəz bəy kimi həyatını bu millətə xərcləyən birini, bilmirəm nə cavab verim...

Mənim Sülhəddin bəylə normal münasibətlərim olub, ona qulaq asdıqdan sonra da barəsində pis şeylər demək fikrindən uzağam.

- Sülhəddin bəy müsahibədə Mehri dəhlizi haqqında da fikir səsləndirib. Onun sözlərinə görə, təklif ediblər ki, Mehri dəhlizini götürməklə həm Ermənistan pis duruma salınsın, həm də Naxçıvan blokadası aradan qaldırılsın. Amma prezident bu təklifi qəbul etməyib...

- Sülhəddin bəy bəhs etdiyi dəhliz haqqında Füzulidə müzakirə aparıldığını deyib. Mən özüm də orada idim. Axı, orada düşmən var qüvvəsi ilə hücuma keçmişdi. Əhali çıxmışdı, ordu faktiki yox idi. Bünyadov soyadlı polis rəisi 11 polis əməkdaşı ilə erməninin qabağında durmuşdu. Biz və adamlarımız gələnə qədər onlar erməninin şəhərə girişinin qarşısını almışdılar. Bu adamlar qəhrəmandırlar, amma adlarını heç kim çəkmir.

Biz Füzuliyə gələndən sonra 100 nəfərlik xüsusi təyinatlı dəstə ora gətirildi. Beləcə erməni hücumunun qarşısı alındı. Amma orada Mehri dəhlizi söhbəti ola bilməzdi. Füzulini işğaldan xilas eləmək məsələsi vardı, Mehri dəhlizi söhbəti necə ola bilərdi?

Bildiyimə görə, Mehri dəhlizi söhbəti hər zaman gündəmdə olub. Məncə, indi də gündəmdədir. Bu dəhlizi götürüb Azərbaycan Naxçıvanla birləşdirilsə, ölkəmiz böyük bir yükün altından çıxar. Amma bu, harda gəldi deyilməməli, peşəkar olmayanlar tərəfindən müzakirəyə çıxarılmamalıdır.


Müəllif: Nemət Orucov

Oxşar xəbərlər