Mərkəzi Gömrük Xəstəxanası əməkdar artist Bəhram Bağırzadənin səhhəti ilə bağlı açıqlama verib.
Teleqraf.com-un xəbərinə görə, xəstəxanadan bildirilib ki, B.Bağırzadə vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.
Xəstənin yeni çəkilən kompüter tomoqrafiyasında əvvəlkilərlə müqayisədə çox ciddi mənfi gedişatın olduğu aşkarlanıb. 90%-dən çox ağciyər toxumasının zədələndiyi məlum olub. Dünya təcrübəsində ağciyər toxumasının 75%-i üzərində olan zədələnmələrində COVID-19 xəstələrinin yaşamaq şansının çox az olduğu bidirilir.
Süni tənəffüs aparatında intensiv müalicəyə baxmayaraq saturasiyanın artırılmasına nail olunmayıb. Saturasiya günboyu aparılan müalicələr ilə yenə 50% ətrafında olduğuna görə saat 23:00 radələrində konsilium keçirilib və xəstənin EKMO cihazına qoşulmasına qərar verilib.
Qeyd edək ki, EKMO- ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.
Bu gün gecə saat 02:00 radələrində Mərkəzi Gömrük Hospitalının reanimatoloqları və cərrahları tərəfindən xəstənin EKMO cihazına qoşulması əməliyyatından sonra onun vəziyyəti nisbətən stabilləşib və saturasiya 95 faizə qədər yüksəlib. Lakin xəstənin vəziyyəti kritik ağır olaraq qalır.
Əməkdar artist Bəhram Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezident Mehriban xanım Əliyevanın nəzarətindədir.
***
16:52
Azərbaycanın əməkdar artisti Bəhram Bağırzadə koronavirusa yoluxub.
Teleqraf.com xəbər verir ki, məlumatı REAL TV-yə aktyorun həyat yoldaşı Şəhla Bağırzadə təsdiqləyib.
Əməkdar artist Mərkəzi Gömrük Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib və vəziyyətinin də kifayət qədər ciddi olduğu bildirilir.
Şəhla Bağırzadə açıqlamasında dövlət tərəfindən bütün işlərin görüldüyünü, əməkdar artistin müalicəsinin Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətində olduğunu bildirib.
Qeyd edək ki, Bəhram Bağırzadənin ailə üzvlərindən COVİD-19 -la bağlı götürülmüş testlərin cavabı neqativ çıxıb. Yəni onlarda koronavirus aşkarlanmayıb.