Keşikçidağ VI əsrdə Qafqaz Albaniyasının mədəni irsinə daxil edilib. Məbədin divarlarına çəkilmiş şəkillər və gürcü dilində olan yazılar onun yaşına nisbətən xeyli gəncdir. Monqol işğalları dövründə Keşikçidağ xalq müqavimət hərəkatının başlıca mərkəzlərindən birinə çevrilib.
Teleqraf.com-a açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasınn baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Taleh Cəfərov belə deyib
Onun sözlərinə görə, Azərbaycan əsrarəngiz gözəllikləri, tarixi-etnoqrafiq abidələri, dini-ibadət yerləri ilə zəngin olan məmləkətdir: "Bu torpaqda yaşayan babalarımız onun üstünü tarixi-memarlıq abidələri ilə zənginləşdirsələr də, bəzən bu yerlər tarixə biganəliyimizdən, laqeydliyimizdən qonşu xalqların qəsbkar işğallarına, iddialarına məruz qalıb.
Tarixə nə qədər bağlı millət olsaq da, tarixdən heç vaxt ibrət dərsi almağı sevməmişik. Fikrimizi əsaslandırmaq üçün qeyd etmək istəyirəm ki, hələ VIII-IX əsrlərdən Azərbaycanın qərb torpaqlarına göz dikən və fürsət düşdükcə Roma, Bizans kimi dünyanın nəhəng imperiyalarını üstümüzə salan erməni və gürcü feodallarının əməl və niyyətlərini vaxtında təhlil edib nəticə çıxara bilməmişik".
Tarixçi vurğulayıb ki, erməni və gürcülərin Azərbaycanın qərb torpaqlarına iddiaları bu günün məsələsi deyil: "Ulu kitabımız olan “Kitabi Dədə Qorqud” dastanında da “qara donlu kafirlər” adlandırılan erməni və gürcü feodalları fürsət və imkan qazanan kimi birinci növbədə Azərbaycan torpaqlarına dağıdıcı yürüşlər təşkil ediblər. Təbii ki, bu yürüşlərə layiqincə cavab verən başçılarımız Tiflis, Dəbil, Ani kimi şəhərləri təslim edərək öz dövlətlərinə birləşdirməyə müvəffəq oldular. Yusif ibn Əbu Sacdan başlayaraq Vətən torpaqlarının ən kövrək yerləri olan qərb sərhədlərimiz xeyli möhkəmləndirildi.
Salari hökmdarı Vəhsudan ibn Məhəmməd də Azərbaycanın ən ağrılı yeri olan Qərb sərhədlərimizin təhlükəsizliyi məsələsinə həddindən artıq önəm vermiş və bu məqsədlə 1028-ci ildə Sultan Mahmud Qəznəvinin Xorasan oğuzlarına vurduğu ağır zərbədən sonra 2 min oğuz ailəsini Azərbaycanın qərb sərhədlərində məskunlaşdırmışdı. Məhz onun bu uzaqgörən siyasəti nəticəsində Bizansın və erməni-gürcü feodallarının qərb sərhədlərimizə dağıdıcı yürüşlərinin ardı kəsilmiş oldu”.
Taleh Cəfərov bildirib ki, Şəddadi hökmdarı Fəzl ibn Məhəmmədin hakimiyyəti illərində Azərbaycanın qərb torpaqları yenidən erməni-gürcü feodallarının işğallarına məruz qaldı. Vəziyyəti düzgün qiymətləndirən Fəzl ibn Məhəmməd XI əsrin 30-cu illərində Araz çayından şimaldakı Azərbaycan torpaqlarında yeni oğuz tayfalarının məskən salmasına şərait yaratdı. Bununla da Bizans, erməni və gürcülərin Azərbaycanı işğal etmək planları puça çıxdı:
"XII əsrdir ki, Azərbaycanın qərb torpaqları, tarixi-memarlıq abidələri təhlükə ilə üz-üzədir. Ağıllı dövlət xadimlərimiz bu təhlükələri vaxtında hiss edərək, lazimi tədbirlər görsələr də bu, yetərli olmayıb. Vəziyyəti vaxtında düzgün qiymətləndirə bilsəydik və adekvat addımlarımızı daha ciddi şəkildə ata bilsəydik, qərb sərhədlərimiz bu qədər param-parça olmazdı. Demək, biz tarixdən ibrət dərsləri almış millətlər sırasında elə də ön cərgələrdə deyilik. Heç orta sıralarda da özümüzə qərar tuta bilməmişik”.
Tarixçi vurğulayıb ki, Azərbaycanın Ağstafa rayonu ərazisində yerləşən Keçikçidağ silsiləsinin bir hissəsini əhatə edən mağaralar kompleksi tarixi ərazilərimizin ayrılmaz hissəsidir. Bu gün Keşikçidağ dövlət Tarix-Mədəniyyət Qoruğu adlanan və Qafqaz Albaniyası dövründə ucqar şimal-qərb torpaqlarımızda tikilən bu dini ibadətgah yerlərimizə qonşu gürcülər əsassız iddialar irəli sürməkdədir:
“Keşikçidağ mağara-məbədlər kompleksi Ağstafa rayonunun mərkəzindən 75 km məsafədə, Böyük Kəsik kəndindən 28 km şimal istiqamətində yerləşir. Kompleks sərhəd zolağı boyunca 25 km-dək uzanır. Keçikçidağ mağara-məbədlər kompleksi geniş Ceyrançöl adlanan ərazidə, Qatardağ silsiləsində, Candargöl gölündən 15 km şimal-şərq istiqamətindən başlayaraq dəniz səviyyəsindən 750-950 m hündürlükdə dağların cənub və cənub-şərq tərəfindəki sıldırım qayalıqlarda yerləşir”.
Taleh Cəforov 2005-ci il oktyabr ayının 12-də Prezident İlham Əliyevin Azərbaycan-Gürcüstan dövlət sərhədlərinin mühafizəsi ilə şəxsən tanış olarkən bu əraziyə baş çəkməsini, 19 dekabr 2007-ci ildə 2563 saylı sərəncamı ilə mağaralar kompleksindəki zəngin tarixi-etnoqrafiq, mədəniyyət abidələrinin daha da dərindən öyrənilməsi, qorunması və təbliği məqsədilə ərazidə tarix-mədəniyyət qoruğu elan edildiyini də diqqətə çatdırıb:
“Gürcülərin David Qareci məbədi adlandırdıqları Keşikçidağ kompleksi hazırda mübahisəli ərazi hesab edilir. Kompleksin bir hissəsi Gürcüstanın Saqareco rayonu, digər bir hissəsi isə Azərbaycanın Ağstafa rayonu ərazisində yerləşir. Məbəd VI əsrdə Qafqaz Albaniyasının mədəni irsinə daxil edilib. Əksər gürcü mənbələri isə məbədin gürcü mənşəli olub tarixən Gürcü pravoslav kilsəsinə tabe olduğunu iddia edirlər.
Azərbaycan tarixçilərinə görə məbəd gürcülər tərəfindən yalnız IV Qurucu Davidin hakimiyyəti dövründə (1089-1125) ziyarət edilməyə başlanıb, daha sonra Tamaranın hakimiyyəti dövründə (1184-1207) gürcü kilsəsinin təsiri altına düşub. O dövrdə Azərbaycanda mövcud olan müsəlman Atabəyləri dövləti, həmçinin Şirvanşahlar dövləti xristian məbədlərinə o qədər də maraq göstərmir və onları himayə etmirdilər. Məhz belə bir dövrdə onsuz da sayca azlıqda qalan xristian albanlar dağalara çəkilib və bu məbəd də o dövrdə tərk edilib. Aparılan tədqiqatlar göstərib ki, məbədin divarlarına çəkilmiş şəkillər və gürcü dilində olan yazılar onun yaşına nisbətən xeyli gəncdir”.
Tarixçi vurğulayıb ki, “David Qareci” məbədi XI-XII əsrə qədər alban kilsəsi olub və o zaman məbədin yerləşdiyi ərazilər Sünik knyazlığının tərkibində olub. Lakin bəhs olunan dövrdə Azərbaycan dövlətlərinin laqeydsizliyi ucbatından məbəd gürcülərin ixtiyarına keçib: "Monqol işğalları dövründə isə digər xristian məbədləri kimi Keşikçidağ məbədi də xalq müqavimət hərəkatının başlıca mərkəzlərindən birinə çevrilib. Azərbaycan Səfəvilər dövlətinin ucqar şimal-qərb torpaqlarını əhatə edən monastr ərazisi bu gün mübahisə obyektinə çevrilib.
Bu, Azərbaycan üçün prinsipial məsələdir. Biz Alban irsimizdən imtina edə, vaxtilə bu ərazilərdə yaşayan babalarımızın xristian dininə tapındığını inkar edə bilmərik. Bununla biz Qafqazdakı alban xristian məbədlərinin taleyini sual altına almış oluruq. Bundan yalnız və yalnız ermənilər yararlana bilər. Ona görə də biz bu məsələdə bir qarış da geri addım atmamalı, əksinə gürcülərin iddialarına layiqincə cavab verilməlidir".
Tarixçi əlavə edib ki, 1966-1968-ci illərdə çapdan çıxan SSRİ Nazirlər Sovetinin kartoqrafiq xəritələrində Keşikçidağ kompleksi ərazisi Azərbaycan ərazisinə daxil idi: "Ona görə belə idi ki, Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası qurulanda sərhədlər dəqiqləşdirdikdən sonra o ərazilər bizdə qalmışdı. Tarixən torpaqlar dövlətlər arasında mövcud olan demarkasiya müqavilələri əsasında bölünür. Torpaqlar dini əsaslar əsasında bölünə bilməz. Tutaq ki, Avropada, daha dəqiq desək, İsveç, Fransa, İtaliyada elə şəhərlər var ki, küçənin sol səkisi İtaliya, sağ səkisi Fransadır. Bütövlükdə Keşikçidağ məbədi məsələsi 1966-1968-ci illər SSRİ Nazirlər Soveti tərəfindən hazırlanmış kartoqrafiya xəritələri əsasında həll edilməlidir".
Taleh Cəfərov qeyd edib ki, vaxtilə Gürcüstanın mərhum prezidenti Eduard Şevardnadze 2012-2013-cü illərdə Keşikçidağ məsələsi qalxanda Keşikçidağ məbəd kompleksinin Azərbaycana məxsus olduğunu bildirmişdi: "Həmin vaxt Mixail Saakaşvili də Keşikçidağ məsələsi ətrafında qızışan qarşıdurmanı birdəfəlik həll etmək üçün Azərbaycan tərəfinə bəyan etmişdi ki, bəli, bu ərazilər sizindir, əvəzində iki dəfə geniş ərazilər verirəm, onu verin bizə. Azərbaycan isə razılaşmadı. Ona görə ki, məbəd ərazisi 950 metr dəniz səviyyəsindən yüksəklikdə yerləşir və bu məkandan Gürcüstanın şərqi, Gürcüstan-Ermənistan sərhəddi, eyni zamanda Qazax, Ağstafa rayonlarının böyük bir hissəsi ovuç içində qalır. Strateji yüksəkliklər olduğu üçün Azərbaycan bu yerləri gürcülərə güzəştə gedə bilməzdi".