8 inzibati ərazidə tətbiq olunan karantin rejimi ilə bağlı hərəkət məhudiyyətlərinə nəzarəti DİN həyata keçirəcək.
Teleqraf.com xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Operativ Qərargahın bugünkü brifinqində deyib.
O bildirib ki, aprel ayında yaşadığımız təcrübəyə əsasən, bu, vətəndaşlarımız üçün yenilik deyil: "Artıq ikinci gündür, Bakı və Sumqayıt ərazisində yaşayanların rayonlara getməsinə cəhd olunub. İcazəsi olmayanlar postlardan geri qaytarılıb. Vətəndaşlardan xahiş edirik ki, karantin müddətini keçirmək üçün rayonlara üz tutmasınlar, icazəsi olmayan vətəndaşlar postlardan keçə bilməyəcəklər".
Kamran Əliyev qeyd edib ki, gedənlər haqlı olduqlarını düşünürlərsə, sənədləri varsa, polis problem yaradırsa, bu zaman DİN-lə əlaqə saxlaya bilərlər: "Polis əməkdaşları ilə mübahisə yaratmağa ehtiyac yoxdur. Əgər hərəkətinizə icazə verilməzsə, geri qaytarılacaqsınız".
Kamran Əliyevin sözlərinə görə, belə halların qarşısını almaq üçün xüsusi texniki vasitələr quraşdırılıb: "Əgər kimsə torpaq yolla postu keçməyə cəhd edibsə, onların dövlət qeydiyyat nişanı posta görülməyibsə, lakin digər getdikləri ərazilərdə görülübsə, inzibati məsuliyyətə cəlb olunacaqlar".