“COVID-19 pandemiyasının ən pisi hələ gəlməyib. Buna görə üzr istəyirəm, ancaq belə mühitlərdə və şərtlərdə ən pisinin gələcəyindən narahatam”.
Teleqraf.com xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus deyib.
O, ölkələrdə milli birliyin, qlobal həmrəyliyin olmamasını vurğulayıb: “Dünyadakı bölünmə COVID-19-un yayılmasına kömək edir. Dünyada koronavirusa yoluxanların sayı 10 milyonu, virusdan ölənlərin sayı yarım milyonu keçib”.
Adhanom Qebreyesus Çində 6 ay əvvəl baş vermiş hadisədən sonra təşviqedici müqavimət, həmkarlıq, həmrəylik və nəzakətə şahid olduqlarını da ifadə edib: "Eyni zamanda səhv məlumatın və pandemiyanın siyasiləşmə əlamətlərini də gördük".
Direktor ÜST-ün ölkələrə elmi dəstək, həmrəylik və həll yolları istiqamətində xidmət üçün əlindən gələni etməyə davam edəcəyini deyib: "Bütün ölkələri qarşıdakı aylarda “bu virusla necə yaşayacağıq” kimi kritik sual düşündürür. Bu, yeni normal haldır".
Adhanom Qebreyesus virusun yayılmasının qarşısını almaq və həyatı xilas etmək adına bir çox ölkələrin misli görünməmiş tədbirlərə əl atdığını açıqlayıb: "Bu tədbirlər virusun yayılmasını yavaşlatmağa müvəffəq oldu. Ancaq bunu tamamilə dayandırmadı. Bəzi ölkələr iqtisadiyyatlarını və cəmiyyətlərini yenidən açmağa başladıqları üçün yoluxmaların təzədən ortaya çıxması ilə qarşılaşırlar. İnsanların çoxu hadisəyə həssasdırlar. Virusun hələ yayılacağı bir çox sahə var. Hamımız bunun başa çatmasını istəyirik. Hamımız həyatımıza qaldığı yerdən davam etmək istəyirik. Ancaq sərt həqiqət budur ki, bu epidemiya sona çatmağa belə yaxın deyil”.
Baş direktor dünyanın epidemiya ilə çox şey itirdiyini, amma ümidin itirilməməsini vurğulayıb: "Bir çox ölkələr müəyyən irəliləyiş əldə etsə də, pandemiya həqiqətən qlobal miqyasda sürətlənir".
Virusun mənbəyi ilə bağlı müzakirələrə toxunan Qebreyesus gələn həftə COVID-19-un mənbəyini araşdırmaq üçün Çinə bir komanda göndərəcəklərini açıqlayıb.
ÜST-ün Təcili Yardım Proqramının direktoru Mayk Rayan infeksiyanın qarşısını almaq üçün etibarlı və effektiv bir peyvəndi tapmaqda böyük irəliləyişlərin olduğunu deyib. Lakin o, bütün bu səylərin uğurla yekunlaşacağına zəmanət olmadığını da bildirib.