6 İyul 2020 18:33
776
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaxın qohumların belə bir-birini ziyarət etməsi tövsiyə olunmur. Bu gün dövlətimiz əhalinin sağlamlığını təmin etmək üçün bütün zəruri addımları atır. Dövlətimiz tərəfindən ilk gündən operativ, adekvat qərarlar qəbul edilib. Ümumilikdə insanlarımızın böyük əksəriyyəti qoyulan qaydalara ciddi əməl edir. Amma təəssüf ki, bəzi vətəndaşlar öz məsuliyyətlərini dərk etmək istəmirlər.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.

O qeyd edib ki, hər kəs müəyyənləşmiş qaydalara riayət etməklə prosesin daha tez bitməsinə töhvə vermiş ola bilər: "Ona görə də, hər bir vətəndaş qaydalara əməl etməlidir. Zəruri işi olmayan heç bir kəs yaşayış yerini tərk etməməlidir. Yaşayış yerini müəyyən zərurətlərə görə tərk edən şəxslər tibbi maskadan, dezinfeksiya edici məhlulardan istifadə etməlidir.

Hər birimizin yaxınlığında bu virusa yoluxan insanlar var. Doğrudur, xəstəliyi ağır keçirənlərlə yanaşı onu nisbətən yüngül simptomlarla başa vuranlar da olur. Məhz bu səbəbdən hər birimiz bu həssas məsələdə məsuliyyətli olmalıyıq”.

Ceyhun Məmmədov hesab edir ki, bütün kütləvi tədbirlərdən imtina vacib şərtlərdəndir: "Yas mərasimləri və digər kütləvi tədbirlərin keçirilməsi yolverilməzdir. Yaxın qohumların da bir-birini ziyarət etməsi tövsiyə olunmur.

Bu məsələdə iki tərəf var: dövlət və vətəndaş. Dövlət öz üzərində düşən bütün vəzifələri yerinə yetirir. Vətəndaş da öz məsuliyyətini dərk edib sağlamlığını qorumaq üçün tövsiyələrə diqqət etməlidir. Çünki pandemiya ümumi bəladır. Bütün dünya ölkələri bundan əziyət çəkir. Bizdən tələb olunan odur ki, özümüzü və yaxınlarımzı qoruyaq.

Təəsüf ki, biz bu gün küçələrdə, qapalı məkanlardan maskasız insanları, heç bir zəruri işi olmaya-olmaya gəzən adamları görürük. Belə vəziyyətdə biz toplum olaraq virusun yayılmasının qarşısını almaqda yekdilliyə nail olmayacayıq. Bu, ümummilli bir məsələdir. Heç bir əlavə müzakirələrə ehtiyac yoxdur.

Tələb olunan odur ki, qoyulmuş qaydalara hər kəs riayət etsin. Ona görə bütün vətəndaşlara çağırış edirik ki, öz sağlamlıqları naminə diqqətli olsunlar. Sosial şəbəkədə fəal olan insanlar da gərək öz paylaşımları ilə insanların psixologiyasına mənfi təsir göstərən informasiyaların yayılmasından çəkinsinlər”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər