Pandemiya dövründə insanların toplaşması uyğun deyildi. 5 nəfərdən artıq insanın bir araya toplaşması qadağandır. Amma dünən xüsusi hal idi. Rayonlarda şəhidlərimizin dəfnində insanları saxlamaq mümkün deyildi. Bu baxımdan vətəndaşlarımızı qınaya bilmirəm.
Bu sözləri Teleqraf.com-a açıqlamasında hüquq müdafiəçisi Sahib Məmmədov deyib.
O bildirib ki, ötən gecə Bakıda yürüşə qoşulanların 95 faizi küçələrə saf niyyətlə axın etmişdi:
“Baxmayaraq ki, küçəyə çıxmaq olmazdı, çıxdılar. Amma sonra təəssüf ki, gizli çağırışlar, xüsusi qruplar insanların vətənpərvərlik hislərindən istifadə etdi. Çağırışlar etdilər, həyətlərdə, məhəllələrdə, küçələrdə şüarlar səsləndirdilər. Orduya dəstək, dövlətə dəstək, Ali Baş komandana dəstək şüarları ilə insanları toplayıb, böyük kütləyə çevrildikdən sonra başqa şüarlar səsləndirməyə başladılar. Bəli, biz müsəlmanıq, yeri gələndə dini şüarlar da demək olar. Amma dünən səsləndirilən o şüarlar məqsədli idi və provokasiyanın nəticəsini gördük. Nəticədə peşmanlıq keçiririk, yaxşı olmadı”.
Sahib Məmmədov pandemiya dövrü olduğu üçün vətəndaşları ehtiyatlı olmağa çağırıb: “Bizdə bir adət formalaşıb, yaxın tariximizdə, son 30 ildə şəhidlərimizi təmtəraqla son mənzilə yola salmışıq. Üstəlik, bu, özü-özünə baş verib, insanları heç kim çağırmayıb. Amma indi xüsusi dövrdür, belə dövrdə bir qədər ehtiyatlı olmaq lazımdır. Məsələn, dünənki yürüşdən sonra kütləvi yoluxmalar qaçınılmaz olacaq. Meydanda olan nə qədər insan evinə virus apardı, ailə üzvlərinə yoluxduracaqlar.
İnsanların kütləvi şəkildə dəfn mərasimlərinsə iştirakı və həmin yerlərdə hərbçilərlə zabitləri ilə sıx təmasları ordu üçün də ciddi təhlükə yaradır.
Amma bu elə bir xüsusi hal idi ki, canını vətən yolunda, xalq yolunda vermiş şəhidlərimiz üçün belə addım atmağı insanlar özünə borc bilir. Bu baxımdan mən insanlara anlayışla yanaşıram”.