Dünyada nüfuzlu Dövlət Borcunun İdarəedilməsi Şəbəkəsi (PDMN) Ermənistanın maliyyə təhlükəsizliyinin təhdidlə üzləşməsi barədə material paylaşıb (PDM | Vusal Gasimli: Financial Security of Armenia Is Facing the Threat).
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən Teleqraf.com-a daxil olan məlumata görə, mərkəzin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı bildirilib ki, Ermənistanın iqtisadi inkişafı borc cəlbinə əsaslanır və bu ölkə getdikcə xaricdən daha çox asılılığa düşməkdədir. PDMN-nin yaydığı materialda qeyd olunub ki, hazırda Ermənistanın xarici borcu maliyyə təhlükəsizliyi üzrə bütün normaları aşıb və bu ölkənin ÜDM-nin 42% civarındadır. Qeyd edək ki, ümumi dövlət borcunun ÜDM-ə nisbəti son dövrlər davamlı olaraq artmaqdadır. Belə ki, 2015-ci illə müqayisədə ümumi dövlət borcunun ÜDM-ə nisbəti 48%-dən 54%-ə, xarici dövlət borcunun ÜDM-ə nisbəti isə 40%-dən 42%-dək artmıb. Dünya Bankı dövlət borcunun ÜDM-ə nisbəti göstəricisinin qarşıdakı dövrdə daha da pisləşəcəyini və ilinin sonuna 57,2%-ə çatacağını proqnozlaşdırıb. PDMN-nin rəsmi səhifəsində yerləşdirilən məlumatda deyilir ki, maliyyə təhlükəsizliyi, bütövlükdə iqtisadi təhlükəsizliyi təhdid altında olan bir ölkənin Azərbaycana qarşı provakasiyalara getməsi sonun başlanğıcıdır.
Qeyd edək ki, Dövlət Borcunun İdarəedilməsi Şəbəkəsi Dünya Bankı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı və İtaliya Xəzinədarlığının birgə təşəbbüsü əsasında yaradılıb və dövlət borcunun idarə edilməsi ilə bağlı biliklərin bölüşdürülməsini və inkişaf etdirilməsini təmin edir.