31 İyul 2020 14:16
410
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən dövrdə tvinninq layihələri çərçivəsində Fransanın müvafiq qurumları ilə analitik və proqnozlaşdırma potensialının yaxşılaşdırılması, pensiya təminatı və tibbi-sosial reabilitasiya sahələrində formalaşan birgə iş təcrübəsi gələcəkdə ikitərəfli fəal əməkdaşlığın qurulması üçün geniş imkanlar yaradır.

Teleqraf.com xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının (CCIAF) üzvləri ilə keçirdiyi onlayn görüşdə vurğulayıb.

Görüşdə fəxri qonaq qismində Fransanın Azərbaycandakı səfiri Zakari Qros, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas da iştirak edib. CCIAF-in İdarəedici direktoru Zibər Hüseynova pandemiya dövründə Palatanın həyata keçirdiyi tədbirləri, informasiya sessiyalarını qeyd edib. O, S.Babayevlə bu görüşün nazirlik və özəl sektor arasında əmək, məşğulluq sahələrində islahatlara dair fikir və məlumat mübadisi aparmağa imkanı verdiyini qeyd edib.

S.Babayev Prezident İlham Əliyevin sosial-iqtisadi islahatlar proqramının nailiyyətləri barədə məlumat verib. O, ölkəmizdə dövlət tərəfindən sahibkarlığın inkişafına göstərilən ardıcıl və sistemli dəstəyi, özəl sektorun milli iqtisadiyyatda rolunu vurğulayıb. Nazir pandemiya dövründə ölkəmizdə məşğulluğa və sosial rifaha dəstək tədbirləri barədə məlumat verib. Bu tədbirlər çərçivəsində iş yerlərinin və əməkhaqlarının qorunması, məşğulluq imkanlarının artırılması, sosial müdafiə və aktiv məşğulluq proqramlarının genişləndirilməsi üçün aparılan işləri qeyd edib.

Qeyri-formal məşğulluğun qarşısının alınması, əmək müqavilələrinin sayında artım, sahibkarlarla sosial dialoqa əsaslanan əməkdaşlıq barədə məlumat verən S.Babayev ölkəmizdə formal məşğulluğa keçidi stimullaşdıran təsirli mexanizmləri, minimum əmək haqqının artırılması, vergi güzəştləri, vergi prosedurlarının sadələşdirilməsi, məcburi dövlət sosial sığorta haqqı dərəcələrinin endirilməsi və s. istiqamətlərdə atılan addımları qeyd edib.

Əmək, məşğulluq, sosial müdafiə sahələrində geniş miqyas alan islahatlar, əldə olunan nailiyyətlər, DOST layihəsi barədə məlumat verən nazir “Əmək müqaviləsi bildirişi” altsisteminin geniş funksional imkanlarından, “Məşğulluq” altsistemindən bəhs edib. Bu innovativ layihələrin işəgötürənlər, həmçinin Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasında təmsil olunan şirkətlər üçün əhəmiyyətini vurğulayıb. O, Palatanın ölkə iqtisadiyyatında rolundan bəhs edib, əmək bazarı ilə bağlı aparılan islahatlar prosesində sahibkarlarla, o cümlədən CCIAF üzvləri ilə əməkdaşlığa xüsusi önəm verildiyini deyib.

CCIAF-in İdarə Heyətinin sədri Teybə Quliyeva Palatanın sosial sahədə həyata keçirilən islahatları yaxından izlədiyini və dəstəklədiyini qeyd edib. O, CCIAF-in dövlət-özəl sektor arasında dialoqun qurulmasında aktiv iştirak etdiyini vurğulayıb.

Z.Qros Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Fransanın müvafiq qurumları arasında məşğulluq, reabilitasiya, sosial təminat sistemində idarəçiliyin təkmilləşdirilməsi istiqamətində əməkdaşlıqdan danışıb. O, sosial sahədə həyata keçirilən islahatları müsbət qiymətləndirdiyini qeyd edib.

K.Yankauskas Azərbaycanda həyata keçirilən sosial islahatlar, həmin islahatların tərkib hissəsi kimi Tvinninq layihəsi çərçivəsində Aİ ölkələrinin təcrübələrinin Azərbaycanda əmək və sosial müdafiə sisteminin inkişafına dəstək məqsədilə tətbiqi barədə danışıb. O qeyd edib ki, bu cür əməkdaşlığın müsbət nəticələri digər sahələrdə də əməkdaşlıq üçün vacib əsas yaradır.

Görüş sual-cavab sessiyası ilə davam edib. Nazir CCIAF üzvlərini maraqlandıran sualları cavablandırıb.

Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası 2016-cı ildən fəaliyyət göstərir. Əsas məqsədi Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında qarşılıqlı iqtisadi və dostluq münasibətlərini inkişaf etdirməkdir. Palatanın 60-dan çox yerli, fransız və beynəlxalq üzv şirkəti var.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər