Xəbər verdiyimiz kimi, bu gün Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov haqq dünyasına qovuşub.
Teleqraf.com mərhumla uzun illər dostluq etmiş BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevə müraciət edərək onun fikirlərini öyrənib.
Millət vəkili deyib: "Allahın xeyirxahlıq üçün bu dünyaya gətirdiyi el ağsaqqalı, ictimai-siyasi xadim Fəttah Heydərov dünyasını dəyişib. Ağır yerişi, müdrik kəlamları, səbri və məsləhətləri, barış adamı olması, kin-küdurətdən uzaq, bağışlamağı bacaran, insanları dinləmək və onlara kömək etmək istəyi ilə ağsaqqallıq nümunəsi göstərən, ailəsinə son dərəcə bağlı bu böyük insana Allah rəhmət eləsin, yeri cənnətməkan olsun.
Taleyin qisməti ilə biz onunla deputat həmkarı olduq. O, özünün qeyri-adi səmimiyyəti və təvazökarlığı ilə hətta ilk dəfə görüşdüyü insanlarla yaşından asılı olmayaraq elə bir psixoloji əlaqə yarada bilirdi ki, hər kəs onu özünün doğmalarından biri hesab edib dərdini bölüşər, ehtiyac hiss edərsə məsləhət, kömək istəməkdən çəkinməzdi.
Mən bu ağır itki ilə əlaqədar xalqımıza və mərhumun ailə üzvülərinə dərin hüznlə başsağlığı verirəm, Allah rəhmət eləsin, Allah səbr versin".