7 Avqust 2020 11:40
496
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Məşğulluq haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında III oxunuşda müzakirəyə çıxarılıb.

Teleraf.com xəbər verir ki, qanunun 14 maddəsinə 48 dəyişiklik təklif olunub. Dəyişikliklərdə məşğulluğun əlçatanlığının təmin edilməsi, peşə hazırlığı, ictimai işlərə cəlb olunan əhalinin daha geniş təbəqəsini əhatə etməsi və digər məqamlar öz əksini tapıb. Qanunun 4-cü maddəsinə edilən düzəlişlərə əsasən, 8 istiqamət üzrə məşğul şəxslərin dairəsi və məşğul şəxslərin elektron reyestrinin yaradılması müəyyən edilib. Keçən müddət ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Məşğul şəxslərin reyestri” yaradılıb və 25 elektron informasiya sistemi üzərindən bu kateqoriyadan olan şəxslərlə bağlı məlumatlar tam elektron şəkildə aidiyyəti dövlət orqanlarının elektron məlumat bazalarından əldə olunur. Bunu nəzərə alaraq, “Məşğul şəxslərin reyestrinin” formalaşdırılması ilə bağlı kağız daşıyıcıda məlumatların təqdim olunması ilə bağlı müddəalar ləğv olunur və müvafiq məlumatların müvafiq dövlət informasiya sistemlərindən əldə olunması təklif olunur.

Qanunun yeni redaksiyada verilən 20.2-ci maddəsində bildirilir ki, işsiz şəxslərin, habelə il ərzində müvafiq inzibati ərazi vahidi üzrə peşə hazırlığına cəlb olunan işsiz şəxslərin 20 faizindən çox olmamaq şərtilə işaxtaran şəxslərin peşə hazırlığı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən ödənişsiz təşkil olunur, işaxtaran şəxslərin (bu maddədə göstərilən hal istisna olmaqla) peşə hazırlığı ödənişli əsaslarla həyata keçirilir. Sənədə əlavə olunan yeni 20.5-ci maddədə qeyd edilib ki, “Peşə təhsili haqqında” qanunun 9.9-cu maddəsinə uyğun olaraq, peşə hazırlığı işaxtaran və işsiz şəxslərin əlavə təhsili, o cümlədən peşənin öyrənilməsi, ixtisasın artırılması, yenidən hazırlıq, yaşlıların təhsili və digər təhsil istiqamətləri üzrə müvafiq kurslarda altı ayadək müddətə həyata keçirilir.


Müəllif: Cavad

Oxşar xəbərlər