13 Avqust 2020 10:29
610
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında əlaqələrin inkişafı əmək, məşğulluq və sosial müdafiə sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün də yaxşı imkanlar yaradır.

Teleqraf.com-un məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev BƏƏ-nin Azərbaycandakı səfiri Mohamed Alqubaisi ilə videoformatda görüşü zamanı bildirib.

Nazir ölkəmizin tarixən dini və mədəni köklərlə bağlı olduğu ərəb ölkələri, o cümlədən BƏƏ ilə əlaqələrin inkişafına və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verdiyini vurğulayıb.

O, Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin nailiyyətləri barədə məlumat verib, ölkədə aparılan siyasətin ana xəttinin vətəndaş rifahının təminatı olduğunu diqqətə çatdırıb. Nazir, respublika əhalisinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımları, pandemiya dövründə ölkədə reallaşdırılan iqtisadi və sosial dəstək tədbirlərini, əmək, məşğulluq və sosial müdafiə sahəsində ölkəmizdə son illərdə aparılan islahatları qeyd edib. Dövlət sosial xidmətlərinin innovativ həllərin tətbiqi üzərindən təkmilləşdirilməsi və vətəndaş məmnunluğu prinsipinə uyğun qurulması istiqamətində əldə olunan müsbət nəticələr barədə məlumat verib. BƏƏ-nin Yerli İcmaların İnkişafı üzrə naziri xanım Hessa Buhumaidin ötən ilin iyun ayında ölkəmizə səfəri çərçivəsində onunla əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlığa dair faydalı müzakirələrin aparıldığını deyib.

S.Babayev Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətini davam etdirdiyini vurğulayıb. O bu münaqişənin beynəlxalq hüquq normalarına uyğun həlli ilə bağlı Azərbaycanın ədalətli mövqeyinin BƏƏ tərəfindən dəstəklənməsindən, hələ 18 iyun 2018-ci il tarixindən BƏƏ-nin Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi tərəfindən həmin ölkənin vətəndaşlarının Dağlıq Qarabağa siyasi səbəblərə görə səfər etməsinin qadağan edilməsindən məmnunluq ifadə edib. M.Alqubaisinin bu məsələlərdə və ümumən iki ölkə arasında əlaqələrin inkişafında göstərdiyi səylərdən razılığını bildirib.

M.Alqubaisi Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini qeyd edib. Ölkəsinin Azərbaycana dost münasibəti göstərdiyini və bu əsasda BƏƏ-nin Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu vurğulayan səfir iki ölkə arasında əmək və sosial müdafiə sahəsində ikitərəfli əlaqələrin genişlənməsi üçün də səylərini göstərəcəyini deyib.

Görüşdə İslam Əməkdaşlıq Təşkilatının mənzil-qərargahı Bakı şəhərində yerləşəcək beynəlxalq statuslu Əmək Mərkəzinin önəmindən bəhs olunub. Əmək və sosial müdafiə sahəsində ikitərəfli əlaqələrin inkişafı üçün müqavilə-hüquq bazasının yaradılması, bu istiqamətdə səylərin gücləndirilməsi, gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər