Nazirlər Kabineti “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın təsdiq edilməsi barədə qərar qəbul edib.
Teleqraf.com məlumatına görə, Baş Nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Bu Qaydalar Ümumdünya Səhiyyə Təşkilatının “COVID-19-un yayılması ilə əlaqədar təhsil müəssisələrində sağlamlığın qorunması tədbirlərinə dair tövsiyələr”i və Azərbaycan Respublikasında COVID-19 infeksiyasına qarşı aparılan profilaktik və epidemioloji tədbirlər üzrə əldə edilmiş təcrübələr əsasında hazırlanmışdır.
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar Ümumdünya Səhiyyə Təşkilatının “COVID-19-un yayılması ilə əlaqədar təhsil müəssisələrində
sağlamlığın qorunması tədbirlərinə dair tövsiyələr”i və Azərbaycan Respublikasında COVID-19 infeksiyasına qarşı aparılan profilaktik və epidemioloji tədbirlər üzrə əldə edilmiş təcrübələr əsasında hazırlanmışdır.
1.2. Bu Qaydaların əsas məqsədi xüsusi karantin rejimi dövründə təhsil müəssisələrində əyani formada tədris və təlimtərbiyə prosesinin təşkilinə dair tələblərin müəyyən olunması və bu zamanı onun iştirakçılarının sağlamlığının qorunması üçün sanitariya və gigiyena qaydalarına əməl olunmasının təmin edilməsidir.
1.3. Bu Qaydalar Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, bütün təhsil müəssisələrinə (xüsusi təyinatlı ali və orta ixtisas təhsili müəssisələri istisna olmaqla) şamil olunur.
2. Ümumi göstərişlər
2.1. Xüsusi karantin rejimi dövründə təhsil müəssisələrində əyani formada tədris və təlim-tərbiyə prosesinin başlanması müddəti “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 avqust tarixli 312 nömrəli Qərarı ilə tənzimlənir.
2.2. Təhsil müəssisələrində əyani formada təhsil bərpa olunanadək tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili təmin edilməlidir.
2.3. Təhsil müəssisələri tədris və təlim-tərbiyə prosesini əyani formada təşkil edərkən, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələblərinə uyğun olaraq qəbul edilən sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə və bu Qaydaların tələblərinə əməl etməlidirlər.
2.4. Təhsil müəssisələri təhsilalanların tədris və təlim-tərbiyə prosesində əyani iştirakının könüllülük prinsipi əsasında təmin edildiyini nəzərə almalıdırlar.
2.5. Təhsil müəssisələrində əyani formada tədrisin təşkili müəssisələrin tipi (növü), təhsilalanların sayı, qalanların günüuzadılmış qruplarda təhsilalanların sayı, sinif (qrup) komplektlərinin, tədris otaqlarının, laboratoriyaların, tədris-istehsalat emalatxanalarının, kitabxanaların, yataqxanaların, yeməkxanaların tutumu, təhsilverənlərin yaş bölgüsü və digər məsələlərdə xüsusi karantin rejiminin tələbləri nəzərə alınaraq planlaşdırılmalıdır.
2.6. Təhsil müəssisəsində növbəli iş rejimi müəssisənin tutumu və mövcud təhsilalanların sayı əsasında təhsil müəssisəsi tərəfindən müəyyən edilməlidir.
2.7. Təhsil müəssisəsində şəxsi gigiyena qaydalarına əməl edilməsi və dezinfeksiya tədbirlərinin görülməsi üçün zəruri olan vasitələrin yetərli qədər olması təmin edilməlidir.
2.8. Təhsilalanların və təhsilverənlərin iştirakı ilə tədris prosesindən kənar kütləvi tədbirlərin keçirilməsinə yol verilmir.
2.9. Evdə təhsil formasında təhsil prosesi sanitariya və gigiyena qaydalarına riayət olunmaqla, Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təşkil edilir.
3. Operativ nəzarət və daxili tədbirlər planı
3.1. Bu Qaydaların tələblərinə əməl edilməsinə nəzarət müəssisənin rəhbərində saxlanılmaqla təhsil müəssisələrində operativ nəzarət üzrə məsul şəxs (şəxslər) təyin olunur.
3.2. Operativ nəzarət üzrə məsul şəxs (şəxslər) COVID-19- a yoluxma hallarının qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin təşkili, yoluxma hallarının effektiv idarə olunması, tədris və
təlim-tərbiyə prosesinin iştirakçılarına bu cür hallarla bağlı təsirlərin minimuma endirilməsi üçün məsuldur.
3.3. Operativ nəzarət üzrə məsul şəxs (şəxslər) COVID-19- la mübarizə ilə bağlı məlumatlandırıcı və xəbərdaredici materialların tədris və təlim-tərbiyə prosesinin iştirakçılarına çatdırılmasını təmin edir.
3.4. Operativ nəzarət üzrə məsul şəxs (şəxslər) təmizlik və dezinfeksiya tədbirlərinin davamlı olaraq qeydiyyatının aparılması üçün gündəlik (müntəzəm) nəzarət formalarını və keyfiyyətə nəzarət cədvəllərini tərtib edir, həmçinin onların icrasına nəzarət edir.
3.5. Təhsil müəssisəsi sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə, habelə bu Qaydaların tələblərinə əməl edilməsi məqsədilə profilaktik və preventiv tədbirlərin əks olunduğu daxili tədbirlər planı hazırlamalı və təsdiq etməlidir. Tədbirlər planının icrasına operativ nəzarət üzrə məsul şəxs (şəxslər) nəzarət edir.
3.6. Operativ nəzarət üzrə məsul şəxs (şəxslər) Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın, Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məsul şəxslərinin adları, soyadları və əlaqə nömrələrinin olduğu məlumat kitabçası ilə təmin edilir.
4. Tədris və təlim-tərbiyə prosesinin təşkilinə dair xüsusi tələblər
4.1. Təhsil müəssisələrinə giriş və çıxış üzrə tələblər: 4.1.1.təhsil müəssisəsinə daxil olan şəxslərin termal kamera sistemləri və ya təmassız termometr vasitəsilə hərarəti ölçülür, bədən hərarətinin 37.1°C və ya daha yüksək olduğu müəyyən edildikdə, onların müəssisəyə daxil olmasına yol verilmir;
4.1.2. təhsil müəssisəsində sıxlığın qarşısının alınması və fiziki (sosial) məsafənin təmin olunması məqsədilə müəssisənin bütün qapılarının giriş və çıxış üçün istifadəsi təmin edilir;
4.1.3. təhsil müəssisələrinə giriş və çıxış zamanı şəxslər (təhsilalanlar, təhsilverənlər və s.) arasında minimum 1,5 metr sosial məsafə təmin olunur və bu məqsədlə təhsil müəssisəsinin girişindəki meydançanın yeri döşəmə işarələri ilə işarələnir;
4.1.4. təhsil müəssisəsinin girişi və çıxışı üçün nəzərdə tutulmuş ərazilər spirt tərkibli əl üçün dezinfeksiyaedici vasitələrlə təmin edilir;
4.1.5. təhsil müəssisəsinə bu Qaydalarla tibbi maska taxma tələbi qoyulan şəxslərin maskasız daxil olması qadağandır;
4.1.6. məktəbəqədər və icma əsaslı məktəbəqədər təhsil müəssisələrində, ümumi təhsil müəssisələrinin ibtidai və məktəbəhazırlıq qruplarında təhsilalanların müəssisəni sinif müəlliminin nəzarəti altında tərk etməsi təmin edilir.
4.2. Təhsilverənlərə dair tələblər:
4.2.1. təhsil müəssisələrində əyani formada tədris və təlim- tərbiyə prosesinə yaşı 65-dən aşağı olan təhsilverənlər cəlb olunurlar;
4.2.2. təhsilverənlərə əməkhaqqının hesablanmasında distant (məsafədən) formada tədris edilən dərs yükü nəzərə alınır;
4.2.3. tədris və təlim-tərbiyə prosesinə cəlb olunmayan yaşı 65-dən yuxarı olan təhsilverənlərin işində yaranan fasilələr onların iş vaxtına daxil edilir və əməkhaqqı saxlanılır;
4.2.4. iş prosesində tibbi və ya parça maskalardan, üz sipəri və digər qoruyucu vasitələrdən istifadə edilməlidir. İstifadə edilən fərdi qoruyucu vasitələr mütəmadi olaraq, habelə çirkləndikdə və ya nəmləndikdə dəyişdirilməli və bu zaman əllərin gigiyenasına dair tələblərə riayət edilməlidir;
4.2.5. müəllim otağında, kafedrada və digər heyətin iş və istirahət otaqlarında sosial məsafə (ən az 1,5 metr) gözlənilməlidir;
4.2.6. təhsilverən özündə və ya birgə yaşadığı şəxslərdə COVID-19 əlamətlərini (şübhəsini) hiss edərsə, bu barədə dərhal təhsil müəssisəsinin rəhbərliyinə məlumat verməlidir;
4.2.7. iş vaxtı ərzində təhsilverəndə bədən hərarətinin 37.1°C və ya daha yüksək olduğu müəyyən edildikdə və ya hər hansı xəstəlik əlamətləri müşahidə olunduqda (yüksək hərarət, öskürək, nəfəs darlığı, dadbilmə, iybilmə hissinin itməsi, halsızlıq və s.), bu Qaydaların 5-ci hissəsinin tələblərinə uyğun tədbirlər görülür;
4.2.8. COVID-19 testinin nəticəsi pozitiv çıxan və ya test nəticəsi pozitiv çıxmış şəxslə təmasda olduğu üçün təcridolunma rejimində olan və ya test nəticəsi pozitiv çıxmış və sağalmış, lakin sonuncu test nəticəsinin neqativ olmasından hələ 14 gün keçməyən, habelə özündə və ya birlikdə yaşadığı şəxslərdə şübhəli əlamətlərin olması səbəbindən götürülmüş test nümunələrinin cavabları aşkarlananadək, həmin şəxslərin işə başlamasına icazə verilmir.
4.2.9. Bu Qaydalarla təhsilverənlərə münasibətdə müəyyən edilmiş tələblər təhsil müəssisəsinin tədris etməyən inzibati heyətinə də aiddir.
4.3. Təhsilalanlara dair tələblər:
4.3.1. təhsilalanların məktəbəqədər və ümumi təhsil müəssisələrində, uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində maskadan istifadəsi onların valideynlərinin və ya digər qanuni nümayəndələrinin seçiminə verilir, peşə, orta ixtisas və ali təhsil müəssisələrində isə maskadan istifadə məcburidir;
4.3.2. təhsilalan müəssisəyə daxil olarkən və müəssisə daxilində sosial məsafə gözlənilir;
4.3.3. şəxsi gigiyena qaydalarına (o cümlədən mütəmadi əlləri yumaq) əməl edilir;
4.3.4. dərs (məşğələ) müddətində təhsilalan, onun üçün müəyyənləşdirilmiş yerdə oturur;
4.3.5. təhsilalan digər təhsilalanlara aid əşyalara toxunmur;
4.3.6. təhsilalan özündə və ya birgə yaşadığı şəxslərdə COVID-19 əlamətlərini (şübhəsini) hiss edərsə, bu barədə özü və ya valideynləri və ya digər qanuni nümayəndələri dərhal təhsil müəssisəsinin rəhbərliyinə məlumat verməlidir;
4.3.7. dərs (məşğələ) müddətində təhsilalanın bədən hərarətinin 37.1°C və ya daha yüksək olduğu müəyyən edildikdə və ya hər hansı xəstəlik əlamətləri müşahidə olunduqda (yüksək hərarət, öskürək, nəfəs darlığı, dadbilmə, iybilmə hissinin itməsi, halsızlıq və s.), bu Qaydaların 5-ci hissəsinin tələblərinə uyğun tədbirlər görülür;
4.3.8. COVID-19 testinin nəticəsi pozitiv çıxan və ya test nəticəsi pozitiv çıxmış şəxslə təmasda olduğu üçün təcrid olunma rejimində olan və ya test nəticəsi pozitiv çıxmış və sağalmış, lakin sonuncu test nəticəsinin neqativ olmasından hələ 14 gün keçməyən, habelə özündə və ya birlikdə yaşadığı şəxslərdə şübhəli əlamətlərin olması səbəbindən götürülmüş nümunələrinin cavabları aşkarlananadək, təhsilalanların təhsil müəssisəsinə gəlməsinə icazə verilmir.
4.4. Texniki heyətə dair tələblər:
4.4.1. texniki heyət üzrə yaşı 65-dən aşağı olan işçilər işə cəlb olunurlar;
4.4.2. texniki heyət üçün növbəli iş rejimi tətbiq edilir. Onların iş vaxtının əsasən tədris və təlim-tərbiyə vaxtından əvvəl və sonra
təşkili təmin edilməlidir. Texniki heyətin təhsilalanlarla və təhsilverənlərlə fiziki təması minimuma endirilməlidir;
4.4.3. texniki heyət mütləq qaydada təhsil müəssisəsində iş prosesində maskalardan və digər qoruyucu vasitələrdən istifadə etməlidir. İstifadə edilən fərdi qoruyucu vasitələr mütəmadi olaraq, habelə çirkləndikdə və ya nəmləndikdə dəyişdirilməli və bu zaman əllərin gigiyenasına dair tələblərə riayət edilməlidir;
4.4.4. texniki heyət istirahət üçün yerini dəyişdikdə (çay, yemək fasiləsi və s.) istifadə etdiyi maskanı və varsa, əlcəyi çıxarır və xüsusi qapalı zibil qutularına atır. Üz qoruyucunu növbəti dəfə istifadə etmək üçün 70%-li spirt məhlullu vasitə ilə təmizləyir;
4.4.5. iş vaxtı ərzində əməkdaşda bədən hərarətinin 37.1°C və ya daha yüksək olduğu müəyyən edildikdə və ya hər hansı xəstəlik əlamətləri müşahidə olunduqda (yüksək hərarət, öskürək, nəfəs darlığı, dadbilmə, iybilmə hissinin itməsi, halsızlıq və s.), bu Qaydaların 5-ci hissəsinin tələblərinə uyğun tədbirlər görülür;
4.4.6. təhsil müəssisəsinin girişində və çıxışında işləyən mühafizəçilər (faktiki xidmətdə olduqları müddətdə) tibbi maskalardan istifadə etməlidirlər. Mühafizəçilər hər hansı bir şəxsə 1,5 metrdən az məsafədən yaxınlaşdığı təqdirdə, tibbi maskalardan əlavə, üz sipərlərindən də istifadə etməlidirlər;
4.4.7. COVID-19 testinin nəticəsi pozitiv olan və ya test nəticəsi pozitiv olmuş şəxslə təmasda olduğu üçün təcridolunma rejimində olan və ya test nəticəsi pozitiv çıxmış və sağalmış, lakin sonuncu test nəticəsinin neqativ olmasından hələ 14 gün keçməyən, habelə özündə və ya birlikdə yaşadığı şəxslərdə şübhəli əlamətlərin olması səbəbindən götürülmüş test nümunələrin cavabları aşkarlananadək, həmin şəxslərin işə başlamasına icazə verilmir.
4.5. Dərs (təlim) və dərsdənkənar (praktiki) məşğələ saatlarına, dərs növbəsinə dair tələblər:
4.5.1. təhsil müəssisələrində tədris xüsusi karantin rejimi dövrü üçün uyğunlaşdırılmış tədris planları əsasında həyata keçirilir;
4.5.2. gün ərzində əyani formada keçirilən dərs (təlim) və dərsdənkənar (praktiki) məşğələlərin sayı uyğunlaşdırılmış tədris planına müvafiq olaraq minimal sayda müəyyən edilir;
4.5.3. dərslər təhsilalanların sayından asılı olaraq, təsdiq edilmiş qrafikə uyğun olaraq, səhər saat 8-dən başlayaraq növbəli qaydada həyata keçirilir;
4.5.4. ümumi təhsil müəssisələrində dərs (təlim) və dərsdənkənar (praktiki) məşğələ saatları məktəbəhazırlıq
mərhələsində 30 dəqiqə, ibtidai və ümumi təhsil səviyyələrində 45 dəqiqə olmaqla müəyyən edilir;
4.5.5. peşə təhsili müəssisələrində dərslərin davametmə müddəti 30 dəqiqədir;
4.5.6. uşaq musiqi, incəsənət, rəssamlıq məktəb və mərkəzlərində dərslərin davametmə müddəti 45 dəqiqədir;
4.5.7. orta ixtisas və ali təhsil müəssisələrində bir akademik saatın davametmə müddəti 45 dəqiqədir. Akademik saatlararası fasilə olmadıqda, dərsin müddəti 80 dəqiqə müəyyən edilir;
4.5.8. tədrisdə növbəlilik tətbiq olunur və növbələr arasında tədris otaqlarında, dəhlizlərdə, yeməkxanalarda və sanitariya qovşaqlarında təmizlik və dezinfeksiya işlərinin aparılması üçün 60 dəqiqəlik fasilə nəzərdə tutulur;
4.5.9. işəgötürənin istehsalat müəssisəsində təşkil edilən istehsalat təlimi və təcrübəsi xüsusi karantin rejimi ilə bağlı tələblər nəzərə alınaraq təşkil edilir;
4.5.10. valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün internat məktəblərində, cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində və xüsusi peşə təhsili müəssisələrində dərslər bir növbədə təşkil edilir;
4.5.11. xüsusi internat məktəblərində evdən gələn şagirdlərlə fiziki təmasın məhdudlaşdırılması məqsədilə (mümkün olduğu halda) eyni sinif üzrə təhsil alan, evə gedib-gələn və gecəqalan şagirdlər üçün ayrı-ayrılıqda siniflər təşkil edilir.
4.6. Dərslərarası (məşğələlərarası) fasilələrə, gəzinti müddətinə dair tələblər:
4.6.1. dərslərarası (məşğələlərarası) fasilələr 10 dəqiqədən az olmayaraq müəyyən edilir. Fasilələrdə təhsilalanların imkan daxilində təmiz havada olması təmin edlir;
4.6.2. dəhlizlərdə və həyətyanı sahədə sıxlığı azaltmaq məqsədilə tənəffüslərin vaxtı bu Qaydaların 4.5.3-cü yarımbəndi ilə müəyyən edilən qrafikə uyğun tənzimlənir;
4.6.3. fasilə müddətində tədris otağında pəncərələr (mümkün olduğu halda) açıq saxlanılır və sinif otaqlarının havası mütəmadi dəyişdirilir;
4.6.4. mərkəzi havalandırma sistemi olan otaqların havalandırılması təmiz hava sirkulyasiyasını təmin edəcək tərzdə qurulmalı, havalandırma sistemlərinə texniki xidmətin göstərilməsi və filtrlərin dəyişdirilməsi tələblərə uyğun olaraq həyata keçirilməlidir;
4.6.5. məktəbəqədər təhsil müəssisələrində fiziki mədəniyyət məşğələsi təmassız oyunlarla məhdudlaşdırılır.
4.7. Tədris (sinif) otağına və müəllim otağına dair tələblər: 4.7.1.hər bir sinfin (qrupun) bütün dərs günü ərzində istifadəsi üçün bir sinif otağı (auditoriya) və ya kabinet müəyyən edilir; 4.7.2.kimya, fizika, biologiya kabinetləri və s. otaqlardan
növbəli istifadə zərurəti olduqda, həmin kabinetlərdə (otaqlarda) növbəti dərs saatı bütün səthlərin dezinfeksiyasından və otaqda hava mübadiləsi təmin edildikdən sonra başlanılır;
4.7.3. tədris otaqlarında hər parta (masa) arxasında yalnız bir təhsilalanın oturması və təhsilalanlar arasında məsafənın hər tərəfdən 1,5 metrdən az olmaması təmin olunur;
4.7.4. təhsilalanların həmişə eyni parta (masa) arxasında oturması təmin edilir;
4.7.5. dərslərarası (məşğələlərarası) tənəffüslərdə sinif (qrup) otağının (auditoriyanın) havalandırılması təmin edilir;
4.7.6. növbələrarası fasilələrdə partaların (masaların), qapı və pəncərə tutacaqlarının təmizlənməsi və dezinfeksiyası təmin edilir;
4.7.7. partaların (masaların) bir-birindən 1,5 m aralıda düzülməsi təmin edilir;
4.7.8. müəllim otağında (kafedralarda) iş masalarının ara məsafəsinin 1,5 m olmasına nəzarət edilir. Müəllimlərin (professor- müəllim heyətinin) eyni zamanda otağa (kafedraya) toplaşması məhdudlaşdırılır;
4.7.9. müəllim otağının (kafedraların) gün ərzində mütəmadi havalandırılması və 2 dəfədən az olmamaq şərtilə təmizlənməsi və dezinfeksiya edilməsi təmin edilir.
4.8. Laboratoriyalara, tədris-istehsalat emalatxanalarına, tamaşa otaqlarına dair tələblər:
4.8.1. laboratoriyalar, tədris-istehsalat emalatxanaları mütəmadi olaraq havalandırılır;
4.8.2. laboratoriyaların, tədris-istehsalat emalatxanalarının qarşısında spirt tərkibli əl üçün dezinfektantları və əlcəklər yerləşdirilir;
4.8.3. laboratoriyalarda, tədris-istehsalat emalatxanalarında ara məsafəsi gözlənilməlidir;
4.8.4. laboratoriyalarda, tədris-istehsalat emalatxanalarında təşkil edilən praktiki dərslərdə əlcək istifadə edilir;
4.8.5. döşəmələr xlor tərkibli məhlulla və ya digər vasitələrdə mütəmadi olaraq dezinfeksiya edilməlidir;
4.8.6. tamaşa otaqlarının fəaliyyəti dayandırılır.
4.9. Yeməkxanalara (bufetlərə) dair tələblər:
4.9.1. internat tipli ümumi təhsil müəssisələri istisna olmaqla, digər təhsil müəssisələrində yeməkxanaların (bufetlərin) fəaliyyəti dayandırılır və təhsilalanların sinif otaqlarında qidalanması tövsiyə edilir;
4.9.2. internat tipli ümumi təhsil müəssisələrində:
4.9.2.1. yeməkxana girişlərinə spirt tərkibli əl üçün dezinfeksiya vasitəsi qoyulur;
4.9.2.2. yeməkxanada masa və oturacaqlar aralarında məsafə ən az 1,5 metr olmaqla düzülür;
4.9.2.3. təhsilalanların yeməkdən əvvəl və sonra əllərinin bol su və sabunla ən azı 20 saniyə yuması üçün vasitələrlə təmin edilir;
4.9.2.4. ümumi olan əşyalar istifadə edildikdən sonra su və yuyucu vasitə ilə yuyulur və növbəti istifadəyə qədər təmiz şəraitdə saxlanılır;
4.9.2.5. yeməkxana əməkdaşı şəxsi gigiyena qaydalarına əməl edir, əlcək və tibbi maska taxır;
4.9.2.6. yeməkxanada növbə yerləri döşəmə işarələri ilə ayrılır;
4.9.2.7. yemək hazırlanmasında istifadə edilən dəzgahlar başqa məqsədlər üçün istifadə edilmir;
4.9.3. mətbəxlərində sosial məsafənin təmin edilməsi və sanitariya-gigiyena qaydalarına əməl edilməsi mümkün olmayan internat tipli təhsil müəssisələrinin yeməyin hazırlanması dayandırılır və həmin müəssisələrə hazır yeməyin gətirilməsi təmin olunur;
4.9.4. peşə təhsili müəssisələrində fəaliyyət göstərən yeməkxana/bufetlərin tədris məqsədləri üçün istifadəsinə icazə verilir.
4.10. Sanitariya qovşaqlarına olan tələblər:
4.10.1. sanitariya qovşağının döşəməsi, çanaqlar, qapı tutacaqları və digər istifadə olunan səthlər xüsusi dezinfeksiyaedici vasitələrlə hər iki saatdan bir təmizlənməli və dezinfeksiya edilməlidir;
4.10.2. sanitariya qovşaqlarının təmizlənməsi saatlarının qeydiyyatı aparılmalıdır;
4.10.3. sanitariya qovşaqlarında maye sabun, dezinfeksiyaedici məhlul hər zaman olmalıdır;
4.10.4. texniki işçi heyəti təmizlik zamanı əlcək və maskadan istifadə etməli, təmizlik prosesindən sonra istifadə olunan qoruyucu vasitələr xüsusi qapalı zibil qutularına atılmalıdır;
4.10.5. sanitariya qovşaqlarında gigiyenaya dair məlumatlar və xəbərdarlıq posterləri olmalıdır;
4.10.6. sanitariya qovşaqları yaxşı işıqlandırılmalıdır;
4.10.7. sanitariya qovşaqlarının girişi qarşısında fiziki (sosial) məsafənin saxlanması üçün döşəmə və keçidlərə xəbərdaredici nişanlar yerləşdirilməli, eləcə də giriş qapısı önündə və tamburda dezinfeksiyaedici vasitələrlə isladılmış dezinfeksiyaedici ayaqaltılar və əllərin dezinfeksiyası üçün spirt tərkibli antiseptiklər olmalıdır;
4.11. Yataqxanalara (yataq otaqlarına) dair tələblər:
4.11.1. təhsil müəssisəsinin nəzdindəki yataqxanalarda qalacaq təhsilalanların sayı yenidən nəzərdən keçirilməli və bu Qaydalarla müəyyən edilmiş sosial məsafə tələblərinin tətbiqinə imkan verən sayda təhsilalana xidmət göstərilməlidir;
4.11.2. təhsilalanların otaqlarını dəyişməsinə icazə verilmir;
4.11.3. təhsilalanların qaldığı otaqlara eyni otaqda qalanlar istisna olmaqla, kənar şəxslərin daxil olmasına icazə verilmir;
4.11.4. təhsilalanın yataqxanada qaldığı müddətdə bədən hərarətinin 37.1°C və ya daha yüksək olduğu müəyyən olunduqda və ya hər hansı xəstəlik əlamətləri müşahidə edildikdə (yüksək hərarət, öskürək, nəfəs darlığı, dadbilmə və iybilmə hissinin itməsi, halsızlıq və s.), bu Qaydaların 5-ci hissəsinin müddəalarına uyğun tədbirlər görülür;
4.11.5. yoluxucu xəstəlik əlamətləri aşkar edilənlərin müvəqqəti təcrid edilməsi üçün ən azı iki çarpayılıq izolyasiya otağı daimi olaraq təchiz edilmiş vəziyyətdə saxlanılmalıdır;
4.11.6. yataqxananın girişlərində dezinfeksiya vasitəsi yerləşdirilir;
4.11.7. yataqxanada sosial məsafə və gigiyena qaydalarına riayət edilir;
4.11.8. yataqxanada çarpayılar ən azı 1,5 metr məsafə ilə yerləşdirilir;
4.11.9. yataqxana gündə 2 dəfədən az olmamaq şərtilə havalandırılmalı, pəncərələr tez-tez açılmalıdır. Duş qəbul edilən yerlər və sanitariya qovşaqlarında sosial məsafə qaydalarına diqqət edilməlidir;
4.11.10. duş kabinələri və sanitariya qovşaqlarının pəncərələri havalandırma məqsədilə gündə 2 dəfədən az olmamaq şərtilə açılmalıdır;
4.11.11. duş kabinələri hər gün dezinfeksiya edilməlidır;
4.11.12. əllərlə tez-tez təmas edilən səthlər (qapılar, dolablar, elektrik düymələri və s.) gün ərzində 2 dəfədən az olmamaq şərtilə təmizlənməlidir;
4.11.13. yataqxanada mətbəx, camaşırxana, paltarların qurudulması və ütülənməsi otaqları, tibbi xidmət və digər inzibati- təsərrüfat otaqları müvafiq təmizlik və dezinfeksiya tədbirlərinə uyğun olaraq, aidiyyəti bölmələrdə xidmət göstərən işçi heyət tərəfindən təmizlənməli və dezinfeksiya edilməlidir.
4.12. İdman və akt zallarına, kitabxanaya və hovuza dair tələblər:
Təhsil müəssisələrində xüsusi karantin rejimi dövründə idman və akt zallarından, kitabxana və hovuzdan istifadə dayandırılır.
5. Xəstəlik daşıyıcıları ilə bağlı nəzarət tədbirləri
5.1. Təhsil müəssisəsində COVID-19 virusunun şübhə olduğu hallarda ünsiyyət üçün yetərli sayda müvafiq qoruyucu geyimlərin (üz üçün sipər, baxil, tibbi əlcək, tibbi maska) olması təmin edilməlidir.
5.2. Xəstəlik şübhəsi olan şəxs dərhal yaşadığı yerə göndərilməli (təhsilalandırsa, valideyninə və ya digər qanuni nümayəndəsinə məlumat verilməli) və 103 Təcili Tibbi Yardıma müraciət edilərək həkimlər tərəfindən laboratoriya müayinəsindən, tələb olunduğu halda COVID-19 testindən keçməli və yaşadığı yerdə özünütəcrid rejimində olmalıdır. Xəstəlik şübhəsi olan təhsilalanın valideyni və ya digər qanuni nümayəndəsi olmadığı təqdirdə, təhsil müəssisəsi onun dərhal COVID-19 testindən keçirilməsi üçün 103 Təcili Tibbi Yardıma müraciət etməli və tibb müəssisəsi tərəfindən təhsilalanın xəstəxanaya yerləşdirilməsi təmin edilməlidir.
5.3. Təhsil müəssisəsi daxilində xüsusi karantin otağı (otaqları) ayrılmalıdır.
5.4. Xəstəlik şübhəsi olan şəxs yaşadığı yerə gedənədək (təhsilalandırsa, valideyninə və ya dgər qanuni nümayəndəsinə məlumat verilənədək), izolyasiya edilməsi məqsədilə xüsusi karantin otağında yerləşdirilir.
5.5. Xəstəlik şübhəsi olan şəxsin təhsil müəssisəsində olan digər şəxslərlə təması minimuma endirilir və onunla təmasda olan şəxslərin fərdi mühafizə vasitələrindən (tibbi maska, əlcək, üz sipəri, baxil) istifadəsi təmin edilir.
5.6. Karantin otağında pəncərələr (mümkün olduğu halda) açıq saxlanılır və otaqda havalandırma təmin edilir.
5.7. Xəstəlik şübhəsi olan şəxs təhsil müəssisəsini tərk etdikdən sonra karantin otağının 3 saat istifadəsiz saxlanılması və oraya girişə icazə verilməməsi, qapının üzərinə “istifadəyə yararsızdır” nişanının vurulması tövsiyə olunur.
5.8. Xəstəlik şübhəsi olan şəxs təhsil müəssisəsini tərk etdikdən sonra karantin otağının 3 saatdan sonra (tövsiyə olunan müddət) təmizlənməsi və dezinfeksiya olunması təmin edilməlidir.
5.9. Xəstəliyə yoluxma faktı təsdiq edildiyi halda, xəstə şəxsin təmasda olduğu digər şəxslər və yerlər müəyyən olunmalı, müvafiq qaydada izolyasiya, təmizləmə və dezinfeksiya tədbirləri görülməlidir.
5.10. COVID-19 testinin nəticəsi pozitiv çıxan və ya test nəticəsi pozitiv çıxmış şəxslə təmasda olduğu üçün özünütəcrid rejimində olan və ya test nəticəsi pozitiv çıxmış və sağalmış, lakin sonuncu test nəticəsinin neqativ olmasından hələ 14 gün keçməyən, habelə özündə və ya birlikdə yaşadığı şəxslərdə şübhəli əlamətlərin olması səbəbindən götürülmüş test nümunələrinin cavabları aşkarlananadək, şəxslərin təhsil müəssisəsinə gəlməsinə icazə verilmir.
5.11. Xəstəlik əlamətləri müşahidə olunan şəxslərin təmasda olduğu şəxslərin müəyyənləşdirilməsi və idarə edilməsi təmin olunmalı və bununla bağlı aidiyyəti orqanlara məlumat verilməlidir.
5.12. Kütləvi xəstəlik şübhəsi olduğu hallarda evakuasiya həyata keçirilməli, bu haqda əvvəlcədən təlimatlandırılmış işçi heyətin nəzarəti altında təhsil müəssisəsində olan bütün şəxslər müəssisədən çıxarılmalı və müəssisə tamamilə dezinfeksiya olunmalıdır.
5.13. Kütləvi xəstəlik şübhəsi hallarında hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandığı zaman Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin gigiyena və epidemiologiya mərkəzlərinin rəyi əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyini məlumatlandırmaqla,
təhsil müəssisəsinin və ya ayrı-ayrı siniflərin (qrupların) fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilməlidir.
6. Şəxsi gigiyenaya dair tələblər
6.1. Təhsil prosesinin iştirakçıları mütəmadi olaraq, o cümlədən sanitariya qovşağından istifadədən, asqırma və öskürmədən, sənədlərlə təmasdan sonra və s. əllərini təmiz yumalı və ya dezinfeksiya etməlidirlər.
6.2. Əllərin gigiyenasına dair aşağıdakılar edilməlidir:
6.2.1. əllər axar su ilə isladılmalı və sabunlanmalı;
6.2.2. əllər, barmaqların və dırnaqların arası yaxşı sabunlanmalı;
6.2.3. sabunlu əllər ən azı 20 saniyə ovuşdurulmalı;
6.2.4. əllər axar suyun altında mükəmməl durulanmalı;
6.2.5. əllər təmiz salfetlərlə qurulanmalı;
6.2.6. sabun və ya su istifadəsi mümkün olmadıqda, spirt tərkibli dezinfeksiyaedici məhlullardan istifadə edilməli.
6.3. Tibbi maskalardan ümumi istifadə qaydaları: 6.3.1.maskalar ağız və burun nahiyəsini səliqəli örtməklə, üz
və maska arasındakı boşluqları minimuma endirmək şərtilə taxılmalıdır;
6.3.2. istifadə zamanı maskanın ağızla təmasda olan hissəsinə əllə toxunmaq olmaz;
6.3.3. maska çıxarılarkən müvafiq qaydalara əməl edilməlidir (maskanın ön hissəsinə toxunmadan, arxa hissəsindəki ipləri vasitəsilə çıxarılmalıdır);
6.3.4. maskanı çıxardıqdan sonra əllər spirt tərkibli dezinfektantla təmizlənməli, yaxud sabun və su ilə təmiz yuyulmalıdır;
6.3.5. maskanın hər iki saatdan bir, çirkləndikdə və ya nəmləndikdə dəyişdirilməsi vacibdir;
6.3.6. birdəfəlik maskalardan təkrar istifadə edilməsinə yol verilmir;
6.3.7. birdəfəlik maskaların istifadəsindən sonra onların zərərsizləşdirilməsi və kənarlaşdırılması vacibdir.
6.4. Öskürək və ya respirator xəstəlik zamanı şəxsi gigiyenaya aşağıdakı qaydada əməl edilməlidir:
6.4.1. öskürəndə və asqıranda ağız kağız salfetlə bağlanmalı və istifadə olunmuş salfet ağzı bağlı zibil qabına atılmalıdır;
6.4.2. respirator axıntı ilə təmasdan sonra əllər müvafiq qaydada təmizlənməlidir;
6.4.3. respirator simptomları olan şəxslər tibbi maskalardan istifadə etməli və sosial məsafə qaydalarına riayət etməlidirlər (1,5 metr).
7. Malların təhsil müəssisələrinə gətirilməsi və tullantıların idarə edilməsi
7.1. Malların təhsil müəssisəsinə gətirilməsi zamanı sosial məsafənin saxlanılması təmin edilməlidir.
7.2. Mal və məhsulların boşaldılması ilə məşğul olan işçilər tərəfindən əl gigiyenası qaydalarına əməl olunması təmin edilməlidir.
7.3. Təhsil müəssisəsinin qida məhsullarının tədarükü, istehsalı, hazırlanması və servisi ilə məşğul olan bölmələrinin işçi heyəti bu bölmələrə qısa müddətə daxil olan təchizatçılar, texniki xidmət işçiləri, malların daşınmasını həyata keçirən sürücülərlə və digər şəxslərlə yaxın təmasda olmamalı, sosial məsafəyə riayət etməli və qoruyucu vasitələrdən istifadə etməlidir.
7.4. Tullantılarla bağlı işlərə məsul işçi ayrılmalıdır.
7.5. Ümumi istifadədə olan ərazilərdə maska, əlcək kimi qoruyucu vasitələr üçün tullantı qutuları qoyulur, həmin qutuların üzərində onların yalnız həmin məqsədlər üçün nəzərdə tutulduğu göstərilir. Bu cür tullantılar digər tullantılarla qarışdırılmadan ayrılıqda utilizasiya edilir.
7.6. Ümumi istifadədə olan ərazilər tullantılardan təmizləndikdə, birdəfəlik əlcəklərdən istifadə edilir. İşçi heyət tərəfindən tullantılar təmizlənib utilizasiya edildikdən sonra əlcəklərin çıxarılması və əl gigiyenası tələblərinə riayət olunmalıdır.
7.7. Tullantılar kip bağlanan və sızıntıya dayanıqlı möhkəm zibil qutularına yığılır.
8. Təlim və maarifləndirmə
8.1. Təhsil müəssisəsinin rəhbərliyi hava-damcı yolu ilə ötürülən xəstəliklərin, xüsusilə COVID-19 virusunun yayılmasının qarşısının alınması üçün maarifləndirmə işlərinin aparılmasını və işçi heyət üçün müvafiq təlimlərin keçirilməsini təmin edir. Bu təlimlər fiziki (sosial) məsafə qaydalarına uyğun şəraitdə, habelə mümkün hallarda distant qaydada keçirilir.
8.2. Sanitariya qovşaqlarında düzgün əl yumaq qaydalarını əks etdirən posterlər yerləşdirilir.
8.3. Təhsil müəssisələrinin görünən yerlərində (dəhlizlərdə, sanitariya qovşaqlarında, yataqxanada, yeməkxanada və s.) COVID- 19 pandemiyası zamanı zəruri olan davranış qaydalarını əks etdirən posterlər yerləşdirilir.
8.4. Təhsilalanlara COVID-19 virusu barədə zəruri informasiyanı, eləcə də gigiyena və sosial davranış qaydalarını özündə əks etdirən bukletlər paylanılır.
8.5. Təhsil müəssisəsinin rəhbərləri və operativ nəzarət üzrə məsul şəxs (şəxslər) üçün müəssisədə sanitariya-gigiyena qaydalarına nəzarət, tədris və təlim-tərbiyə prosesinin idarə edilməsi, valideyn və təhsilalanlara dəstək mexanizmini əks etdirən təlimatlar hazırlanır və onlara çatdırılır.
8.6. Təhsilverənlər üçün tədris prosesinin idarə edilməsi, təhsilalanların gigiyenik və sosial davranış qaydalarına əməl etməsinə nəzarəti, eləcə də onlara sosial-emosional dəstək verilməsini əks etdirən təlimat hazırlanır və elektron versiyada paylaşılır.
8.7. Valideynlər üçün COVID-19 virusu barədə zəruri informasiyanı, övladlarının təhsilinə dəstək üsullarını, eləcə də uşaqlara sosial-emosional yardımı özündə əks etdirən yaddaş kitabçası hazırlanır və elektron versiyada paylaşılır.
8.8. Texniki heyət COVID-19 virusunun əlamətləri (şübhəsi) müəyyən edilən şəxslərlə təmasda olacağı təqdirdə, riayət etməli olduqları davranış qaydaları barədə məlumatlandırılır.
9. Yekun müddəalar
9.1. Bu Qaydaların tələblərinə riayət olunmasına ümumi nəzarət və koordinasiya Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir.
Bu qaydaların tələblərinə riayət edilməsinə dövlət nəzarəti Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilir.