FHN-in Bakı Regional Mərkəzi cari payız-qış mövsümü ilə əlaqədar “Yanğınların profilaktikasında və yanğın hadisələri zamanı əhaliyə düzgün davranış vərdişlərinin aşılanmasında yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının rolu” mövzusunda silsilə tədbirlər çərçivəsində Yasamal Rayon İcra Hakimiyyətində müşavirə keçirilib.
Teleqraf.com xəbər verir ki, müşavirədə baş verən yanğın hadisələri və dəm qazı zəhərlənmələri, yanğın təhlükəsizliyi sahəsində mövcud olan problemlər müzakirə olunub.
FHN-in Bakı Regional Mərkəzi ilə yanaşı, Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin, Mülki müdafiə qoşunlarının əməkdaşları da isştirak ediblər.
Müşavirəni giriş sözü ilə açan Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndəsi tədbirin əhəmiyyətindən bəhs edib. O, yanğınların yol açdığı faciələrin qarşısının alınmasında birgə fəaliyyətin vacibliyini vurğulayıb.
FHN-in Bakı Regional Mərkəzinin rəis müavini tibb xidməti polkovniki Cəfər Məmmədov çıxış edərək Bakı şəhərində 2013 və 2014-cü illərin 9 ayı ərzində baş verən yanğınların müqayisəli statistikasını diqqətə çatdırıb.
Müşavirədə Bakı Regional Mərkəzinin, Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin əməkdaşları müvafiq olaraq “Yanğının başvermə səbəbləri və yanğın zamanı hərəkət qaydaları”, “Yanğın təhlükəsizliyi qaydaları”, “Rayon ərazisində yanğın mühafizəsi problemləri və həlli yolları” mövzularında çıxışlar ediblər.
Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi, Qaz İstismar Sahəsi, Enerji Təchizatı və Satışı İdarəsi, Təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının nümayəndələri müvafiq olaraq “Yaşayış binalarında yanğın təhlükəsizliyinin vəziyyəti”, “Rayonda qaz təsərrüfatının mövcud vəziyyəti, problemlər və həlli yolları”, “Rayonda enerji təchizatının mövcud vəziyyəti, problemlər və həlli yolları” və “Yanğın zamanı ilkin tibbi yardım” mövzularında çıxışlar ediblər.
Müşavirənin gedişində Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti barədə, eləcə də yanğın təhlükəsizliyi və dəm qazı ilə bağlı videomateriallar da nümayiş olunub.
İlhamə