“Vahid, Bölünməz və Demokratik Azərbaycan Uğrunda Birlik” Cəmiyyətinin təşəbbüsü ilə Hollandiyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları rəhbərlərinin Haaqada toplantısı keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə “Avropa Azərbaycan Dostları Mәrkәzi”, “Niderland-Azərbaycan Odlar Yurdu”, “Hollandiya-Azərbaycan Türk Kültür Dərnəyi” cəmiyyətləri, “Ana Vətən” – Niderland Azərbaycanlı Qadınlar Birliyi, “Niderlandda Azərbaycan Evi” təşkilatlarının rəhbərləri və təmsilçiləri iştirak ediblər.
Görüşün məqsədi Avropadakı erməni lobbisinin qondarma soyqırım iddiaları ilə bağlı 2015-ci ildə gözlənilən geniş təbliğat planlarına qarşı həyata keçiriləcəktədbirləri müzakirə etmək və məsləhətləşmələr aparmaqdan ibarət olub.Toplantıda çıxış edən diaspor təşkilatlarının rəhbərləri bildirib ki, bədnam qonşularımız erməni tarixinin bəzi səhifələrini – qondarma soyqırım məsələsini vaxtaşırı gündəmə gətirməklə dünya ictimaiyyətinin diqqətini öz ölkələrinə cəlb etməyə çalışırlar. 2015-ci ildə isə “soyqırım”ın yüzüncü ildönümünü qeyd etməyə hazırlaşan erməni lobbisinin ciddi hazırlıq işləri apardığını, təbliğat vasitələrini genişləndirdiyini bildirən diaspor fəalları bütün bunlara qarşı səmərəli mübarizə aparmaq üçün təşkilatların bu istiqamətdə birgə fəaliyyət göstərməsini təklif ediblər.
Görüşdə müvafiq toplantıda iştirak edən hər bir cəmiyyətin keçiriləcək tədbirlərə dəstək olmaq üçün maddi-mənəvi imkanları müzakirə edilərək, iş bölgüsü aparılıb. Nəzərdə tutulan işlərin planlı şəkildə reallaşdırılması üçün qarşıda bir sıra tədbirlərin keçirilməsi qərara alınıb.
Səxavət