28 Sentyabr 2020 21:43
1 227
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mülki əhaliyə, xüsusilə, onun ən müdafiəsiz hissəsi olan qadınlara və uşaqlara, saysız-hesabsız əzab-əziyyət gətirən hücum edilməsi və onun bombardman olunması qadağandır”.

Beynəlxalq Humanitar Hüquq, bu hüququn əsas sənədləri olan 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyaları və onlara 1977 və 2005-ci illərdə əlavə edilmiş üç protokol, BMT Baş Məclisinin 14 dekabr 1974-cü il tarixli qətnaməsi, eləcə də digər beynəlxalq konvensiyalar müharibə zamanı mülki əhaliyə hücumu qadağan edir.

Müharibənin yazılmamış qanunları da döyüşlər vaxtı əli yalın insanlara, xüsusilə qadın və uşaqlara toxunmağı qəbul etmir. Bir də həbiçi şərəfi deyilən, dinc sakinlərə, uşaq və qadınlara toxunmağa icazə verməyən mənəvi yanaşma var.

Ermənistan müharibədə yazılan və yazılmayan qanunları, eləcə də şərəf məhfumunu özündə birləşdirən qırmızı xətti tapdalayır. Nə beynəlxalq konvensiyalara əməl edir, nə də müharibə qanunlarına. Hərbiçi şərəfindən danışmağa ehtiyac yoxdur, çünki bunun terror dövləti olan Ermənistana aidiyyəti yoxdur.

Sentyabrın 27-dən başlayaraq, erməni hərbi birləşmələrinin bütün cəbhə boyu yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutması da Ermənistanın terror və faşizm siyasətinin davamıdır. Bu hücum nəticəsində 14 mülki Azərbaycan vətəndaşı həlak olub, 26 mülki vətəndaş yaralanıb.

Naftalan şəhərində bütöv bir ailə erməni faşizminin qurbanı oldu: Elbrus Qurbanov (1951-ci il), Şəfayət Qurbanova (1956-cı il), Fidan Qurbanova (2006-cı il), Şəhriyar Qurbanova (2007-ci il) və Afaq Əmirova (1981-ci il). Fidan və Şəhriyar Qurbanova məktəbli idi.

Ermənistanın Azərbaycana qarşı terror və faşist siyasəti 1990-cı illərdən davam edir.

1991-ci il sentyabrın 8-də Ağdam-Qaradağlı marşrutu ilə işləyən avtobusun erməni terrorçuları tərəfindən partladılması nəticəsində 6 nəfər həyatını itirdi, 36 nəfər yaralandı. Buna qədər isə 9 belə terror aktı törədilmiş, 68 nəfər – xüsusilə qadınlar, uşaqlar, qocalar terrorun qurbanı olmuş, 132 nəfər müxtəlif bədən xəsarətləri almışdı.

1991-ci il noyabrın 20-də Qarakənd kəndi yaxınlığında erməni terrorçuları tərəfindən Mİ-8 tipli vertolyotunun vurulması nəticəsində mülki insanlar həlak olub.

1992-ci il yanvarın 8-də “Krasnovodsk-Bakı” sərnişin bərəsinin partladılması 25 nəfərin həlak olması, 88 nəfərin ağır yaralanması ilə nəticələndi.

1992-ci il yanvarın 28-də Şuşa şəhəri yaxınlığında Ağdam-Şuşa marşrutu ilə sərnişin daşıyan mülkü vertolyotun erməni terrorçuları tərəfindən vurulması nəticəsində əksəriyyəti qadın və uşaq olan 41 nəfər sərnişin və 3 ekipaj üzvünün həlak oldu. Erməni terrorçuları tərəfindən hava nəqliyyatında törədilən terror aktları nəticəsində ümumilikdə, 176 nəfər qətlə yetirilib.

1992-ci ilin 26 fevralında bəşəriyyətin qara ləkəsi olan Xocalı soyqırımı törədildi. 63-ü uşaq, 106-sı qadın, 70-i yaşlı olmaqla 613 Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsindən 76-sı uşaq olmaqla 487 nəfər yaralandı. 1275 nəfər əsir götürüldü. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

1994-cü il martın 19-da atəşkəsin bağlanmasından dərhal sonra Bakı metropoliteninin 20 Yanvar stansiyasında elektrik qatarında terror aktı törədildi. 14 nəfərin ölməsi, 49 nəfərin yaralanması ilə nəticələnən terror aktının istintaqı zamanı məlum oldu ki, hadisəni Ermənistan xüsusi xidmət orqanlarının rəhbərliyi təşkil edir.

Erməni terrorunun özünəməxsus xüsusiyyətlərindən biri də müxtəlif vasitələrlə azyaşlı uşaqlara qarşı terror aktı həyata keçirməkdir. 1994-cü ildə uşaq oyuncağına partlayıcı maddə quraşdıraraq, Tovuz rayonu ərazisindən axan çaya buraxmaqla ermənilər iki uşağın ölümü ilə nəticələnən terror aktı törətdilər.

2011-ci ildə erməni terrorçular partlayıcı maddənin yerləşdirildiyi uşaq oyuncağından yenə istifadə etdilər. 1998-ci il təvəllüdlü Şahmalıyeva Aygün Zirəddin qızı həlak oldu, anası 1979-cu il təvəllüdlü Şahmalıyeva Elnarə Məmmədtağı qızı ağır bədən xəsarəti aldı.

2017-ci ildə erməni terrorçuların açdığı atəş nəticəsində 2015-ci il təvəllüdlü, 2 yaşlı Zəhra Quliyevə və nənəsi 1967-ci il təvəllüdlü Sahibə Quliyeva qətlə yetirildi. 2016-cı ilin “aprel döyüşləri” zamanı erməni hərbi birləşmələri ikisi uşaq olmaqla 6 mülki şəxsi qətlə yetirib, 26 mülki şəxs yaralayıb.

Bu ilin iyul ayında erməni Tovuz istiqamətində törətdiyi növbəti təxribat hücumu nəticəsində 1944-cü ilə təvəllüdlü Əzizov Əziz həlak olub.

Naftalanda bir ailənin 5 üzvü də daxil olmaqla 14 Azərbaycan vətəndaşının qətlə yetirilməsi, 26 vətəndaşın yaralanması Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi faşizm siyasətinin davamıdır.

Terror siyasətinə sadiq qalan Ermənistanın mülki əhalini hədəfə almasının bir neçə səbəbi də var.

Birincisi, Azərbaycan Ordusunun qarşısında duruş gətirə bilməyən erməni silahlı qüvvələri dinc sakinləri qətlə yetirməklə intiqam almaq istəyir;

İkincisi, mülki əhaliyə hücum etməklə Azərbaycanda hərbi əməliyyatlara qarşı ictimai etiraz yaratmaq və ordumuzun geri çəkilməsini təmin etmək istəyir;

Üçüncüsü, cəbhəboyu ərazilərdə yaşayan əhalinin evlərini tərk etməsinə nail olmaq, xalq arasında təşviş yaratmaq, bununla, həm öz ictimaiyyətində, Azərbaycan ictimaiyyətində “qalib gəlirik” görüntüsü yaratmaq niyyətindədir;

Ermənistanın bütün anti-humanist addımlarına rəğmən, Azərbaycan xalqı böyük cəsarət nümayiş etdirir. Hazırda cəbhəboyu ərazilərdə yaşayan sakinlərin heç biri evini tərk etməyib, əksinə orduya mənəvi dəstək verir. Azərbaycan Ordusu da müharibədə qəbuledilməz qanunları – mülki əhalinin hədəfə alınması – pozmadan işğal olunmuş torpaqların azad olunması istiqamətində inamla irəliləyir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər