Oktyabrın 5-dən etibarən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yerləşən ümumi təhsil müəssisələrinin ibtidai sinif şagirdləri həftədə 3 dəfə əyani təhsilə cəlb ediliblər.
Təhsil Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, bununla da onların əyani formada dərs saatları 8-dən 10 və ya 11 saata (həftəaşırı) qədər artıb. Bu, siniflər 2 yarımqrupa bölündüyü halda hər yarımqrupa düşən əyani dərslərin sayıdır. Sinifdə sosial məsafəni qorumaq mümkündürsə, şagirdlər yarımqruplara bölünmür, bu zaman 12 və ya 13 saat əyani dərs alırlar.
Yeni normalara əsasən, ölkənin digər regionlarında yerləşən və şagird sayı 200-dən az olan məktəblər bu həftədən ibtidai təhsil səviyyəsində ənənəvi formada, yəni həftədə 5 dəfə olmaqla bütöv sinif komplektində oxuya bilərlər. Bu zaman məktəb rəhbərliyi sinifdə sosial məsafənin gözlənilməsini əsas meyar götürərək qərar verməlidir. Hazırda şagird sayı 200-dən az olan və sinifdə şagird sıxlığı sosial məsafəni gözləməyə imkan verən ümumi təhsil müəssisələrinin sayı 1700-ə yaxındır. Şagird sıxlığı epidemioloji vəziyyətin tələb etdiyi normaya uyğun olmadığı region məktəblərində əyani formada dərslər həftədə 3 dəfə olmaqla davam edəcək.