Sentyabrın 27-dən Ermənistanın Azərbaycana təcavüzü səbəbilə bir çox bölgələrdə tədris dayandırılıb. Təəssüf ki, bir aydır ermənilər bu hücumları cəbhə və cəbhədən kənar ərazilərdə də həyata keçirirlər.
Teleqraf.com xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib:
"Son bir ayda təcavüz səbəbilə 9 şagird həlak olub. Uşaqların, mülki insanların həlak olması bizim düşmənlə yox, terroristlərlə mübarizə apardığımızın göstəricisidir. Üzləşdiyimiz halla yanaşı, koronavirus infeksiyasının yayılması da son həftələr artıb. Doğrudur, sentyabrın 15-dən əyani tədrisə keçidi müvafiq plan əsasında aparırdıq. Amma COVID-19 infeksiyasının sürətlə yayılması və ölkədə yaranan hərbi vəziyyət prosesin mürəkkəbləşməsinə səbəb oldu.
Bütün bu amilləri nəzərə alaraq 19 oktyabr tarixindən bütün təhsil müəssisələrində tətil elan edildi. Əsas məqsədimiz bu müddətdə vəziyyəti düzgün qiymətləndirmək və müəyyən hazırlıq işləri apararaq ən mümkün qərarların verilməsidir. Son 10 gün müddətində bir sıra hazırlıq işləri görüldü. Ən optimal qərar 2 noyabr tarixindən tədrisin distant formada həyata keçirilməsidir.
Doğrudur, bu bizə çətinliklər yaradacaq. Lakin aprel, may aylarında təcrübəmiz var. Nə qədər çətinlik yaransa da, biz bu üsulla yəqin ki, bütün ölkə ərazisində təhsili onlayn qaydada həyata keçirəcəyik. Biz daima ictimaiyyətlə əlaqədə oluruq. Uşaqların tətil dövründə tədrisdə kənarda qalması ilə müqayisədə, distant təhsil daha məqbul hesab edilir.
Təbii ki, müəyyən problemlər var və biz onları başa düşürük. Bir çox hallarda məlum olur ki, internet var, amma insanların VPN proqramından istifadəsi problem yaradır. Tədris platformalarından istifadə zamanı VPN-in söndürülməsi tövsiyə olunur.
Eyni zamanda istifadəçinin internetə çıxışı olsa da, platformadan istifadə müddəti bitdiyinə görə tədrisə qoşula bilmir. Bu hallar 10-15 faiz istifadəçidə müşahidə olunur və çalışırıq ki, bu istiqamətdə maarifləndirmə işini gücləndirək".