Türkiyənin media nümayəndələri gecə-gündüz döyüş meydanlarında öz həyatlarını risk altına atırlar.
Teleqraf.com xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
Dövlət başçısı bildirib:
"Bu günlər ərzində bizə Türkiyə vətəndaşları, bizim qardaşlarımız tərəfindən göstərilən dəstəyə görə bütün qardaş Türkiyə xalqına təşəkkürümü bildirmək istəyirəm. Onlar mənə çoxsaylı məktublar göndərirlər, çox səmimi məktublardır və bu, bizim hamımızı duyğulandırır. Eyni zamanda, Türkiyənin media nümayəndələri də gecə-gündüz döyüş meydanlarında öz həyatlarını risk altına atırlar və bu görüntüləri dünya daha çox Türkiyə mediası vasitəsilə görür və bilir. Gəncənin, Bərdənin namərdcəsinə bombalanmasından sonra buraya ilk gələn bizim Türkiyədən olan qardaşlarımızdır. Ona görə bu, bir daha Türkiyə-Azərbaycan birliyini göstərir. Hər zaman mən əziz Qardaşımla bu barədə danışanda biz bilirdik ki, bu birlik sözdə deyil, əməldədir və bunu bu gün bütün dünya bilir. Bir daha xoş gəlmisiniz".