Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi Lənkəran rayonunda da Vətən müharibəsi şəhidlərinin ailələri və bu müharibənin iştirakçıları üçün kiçik təsərrüfatlar yaradıb.
Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, həmin şəxslər növbədənkənar özünüməşğulluq proqramına cəlb olunublar. Qısa müddətdə onlara mal və materiallar, avadanlıqlar verilib.
Vətən müharibəsində qəhrəmancasına şəhid olan Zaur Ağazadənin atası Kamal Ağayev, habelə şəhid Ramid Əliyevin anası Qətibə Əliyeva, şəhid Ayxan Qurbanzadənin həyat yoldaşı Kəmalə Səmədova və Vətən müharibəsi iştirakçısı Əhliman Quluzadə üçün kənd təsərrüfatı sahəsi üzrə kiçik təsərrüfatlar qurulub.
Agentlik post müharibə dövründə şəhid ailələrinin, müharibə əlillərinin və iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi, məşğulluq tədbirlərinə cəlb olunması ilə bağlı Tədbirlər Planı əsasında bu kateqoriyalardan olan vətəndaşların aktivlərlə təminatı, habelə proqrama cəlb edilməsi işlərini davam etdirir.