Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) vətəndaşlara müraciət edib.
BDYPİ-dən Teleqraf.com-a daxil olan müraciətdə deyilir:
"Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar yollarda qəzalar və digər xoşagəlməz halların baş verməməsi üçün Baş DYP İdarəsi sürücülərin nəzərinə çatdırır ki, istifadə etdikləri nəqliyyat vasitələrinin texniki sazlığına diqqət yetirsinlər.
Bəzi ərazilərdə qar yağması, yolların buz bağlama ehtimalının olmasını nəzərə alaraq, belə hava şəraitində sürücülərə qış mövsümünə uyğun şinlərlə təchiz edilməmiş, eləcə də istismar müddəti çox olan, ABS tormoz sistemləri ilə təchiz olunmayan köhnə avtomobillərdən mümkün qədər az istifadə etmələri tövsiyə olunur.
Eyni zamanda nəqliyyat vasitələrini idarə edən şəxslər hərəkət sürətini hava şəraitinə uyğun seçməli, zərurət olmadan ötmə əməliyyatı aparmaqdan, qəfil manevrlər və kəskin tormazlama etməkdən çəkinməli, yola çıxmazdan əvvəl avtomobilin şüşə silgəclərinin və şüşəyuyanların, xarici işıq cihazlarının işlək vəziyyətdə olmasına əmin olmalıdırlar.
Piyadalar isə ancaq səki ilə hərəkət etməklə avtomobil yollarına çıxmasınlar və yolları yalnız müəyyən olunmuş yerlərdən keçsinlər.
Bütün hərəkət iştirakçılarını özlərinin və digər şəxslərin həyat və sağlamlığına təhlükə yaranmaması üçün son dərəcə diqqətli olmağa, qaydalara riayət etməyə çağırırıq".