Azərbaycan əsilli fransız rejissor və aktyor Robert Hossein 93 yaşında vəfat edib.
Bu haqda mərhumun həyat yoldaşı Kandis Patu məlumat verib.
Bildirib ki, məşhur fransız rejissoru Robert Hossein dekabrın 31-də 93 yaşında vəfat edib.
Robert Hossein karyerasına 1940-cı illərdən aktyor kimi başlayıb. Vittel şəhərində yaşayan R.Hossein 1950-ci illərdə teatr yaradıcılığına başlamazdan əvvəl ilk filmlərini çəkib. O, “Döyüş gəmisi Potyomkin”, “Səfillər”, Yuli Sezar”, “İsa”, “Danton”, “Robespyer” kimi 20-dən çox filmin müəllifidir. Onun sonuncu filmi “Məryəm adlı qadın” filmi olub.
R. Hosseinin ən böyük tamaşası 1978-ci ildə yaratdığı və Fransa paytaxtında təqdim etdiyi “Paris Notre Dame” tamaşası olub. Səhnə əsərini 580 min tamaşaçı izləyib və bu, onun ən uğurlu tamaşası hesab olunur.
Anası ukraynalı olan R. Hossein cari ilin avqust ayında Kiyev Beynəlxalq Molodist Film Festivalının xüsusi mükafatına layiq görülüb.
Təyyarədən qorxduğu üçün heç vaxt təyyarəyə minməyən Robert Hossein ilk dəfə Bakıya gəlmək üçün təyyarəyə minib.
“İlk dəfə Azərbaycana dəvət alanda 40 il idi ki, təyyarəyə minmirdik. Bir çox ölkələrə dəvət edilmişdik, amma getmirdik. Səbəb Robertin təyyarəyə minməməsi idi. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın dəvətini böyük məmnuniyyətlə qəbul etdik. Robert özünü pis hiss edər deyə, hər ehtimala qarşı dərmanlar götürdüm. Ancaq o dərmanlara ehtiyac olmadı. Təyyarədə azərbaycanlılarla yol tez qət olundu. Bakıda hava limanına enəndə çoxlu insanlarla əhatə olunduq. Elə burada Robertin atasının musiqisini dinləməli olduq. Fransadan Bakıya neçə uçduğumuzu bilmədik. 40 illik həyəcan itib-getdi. Sonra biz İçərişəhərə baş çəkdik. Robert köhnə şəhərdə gəzdikcə, çox təsirləndi. O, Qız qalasına baxdı və ağlamağa başladı. Yolda olan yaşlı bir azərbaycanlı Robertə yaxınlaşdı və onu qucaqladı. Biz həmin səhnəni yaddan çıxara bilmirik”,-deyə R. Hosseinin həyat yoldaşı Kandis Patu Azərbaycana ilk səfərləri haqqında xatirələrindən danışarkən belə deyib”.