Bakı Dövlət Universitetinin böyük elmi işçisi, Azərbaycanın Respublikasının Alban-Udi xristian icmasının sədri Robert Mobili Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Robert müəllim, alban-udilərə məxsus kilsələr Azərbaycanın hansı bölgəsində yayğındır? Bu kilsələri digərlərindən fərqləndirən cəhətlər hansılardır?
- Alban kilsəsi Qafqaz Albaniyasının irsidir. Qarabağda da bu kilsələr mövcuddur. Kəlbəcərdə olan Xudavəng monastrı bunlardan biridir. Xudavəng və Gəncəsardan başqa Kəlbəcərin özündə 35-dən artıq kilsə və məbədlər var. Çoxu keçmiş sovet dovründə dövlət reysterində qeydiyyata alınıb. Bunlar çox zəngin, mədəni bir irsdir. Bu cür kilsələr Qarabağda, Kiçik Qafqazın dağlıq və dağətəyi ərazilərində, Gədəbəydə, Daşkəsəndə geniş yayılıb. Xristianlıqdan qalma zəngin bir irs var. Azərbaycan qədim Qafqaz Albaniyasının varisidir. Qafqaz Albaniyasına məxsus olan Alban Apostol müstəqil kilsəsini udilər varisləri kimi qoruyub saxlayıb. Bu o demək deyil ki, kilsələri udilər tikib. Onun udilərlə məxsusluğu ilə bağlı fikir yoxdur. Sadəcə albanlara məxsusluğu faktdır. Amma xristianlığı saxlayan yeganə etnos udilərdir. Bu gün Qafqaz Albaniyasının xristianlığını qoruyan udi icmasıdır. Tarixə nəzər salsaq görərik ki, Qarabağda olan albanların böyük bir hissəsi zaman etibarilə sonradan İslamı qəbul edib. Digər hissəsi isə erməniləşdirilib. Ona görə də burada tək udilərin üzərində dayanmaq lazım deyil. Başqa xalqların nümayəndəsi də bu assimilyasiyada iştirak edib. Bu gün Azərbaycan ərazisində olan kilsələrin varisi var. Necə ki Qafqaz Albaniyasının varisi bu gün Azərbaycandırsa, udilər də bunun varisi hesab edilir. Türkiyənin özündə çox sayda qədim kilsələr var. Bizansın, süryanilərin Türkiyədə ibadət ocaqları qalıb, Konstantinopol kilsəsi və onun rəhbəri var. Türkiyə İslam ölkəsi olsa da, digər dinlərin mövcudluğuna heç bir problem yaratmır. Əslində isə bu, örnək yanaşma modelidir.
- Xudavəngə səfər edəndə hansı mənzərə ilə qarşılaşdız?
- Udilərlə Xudavəngə gedəndə ermənilərin Eçmiəzdindən göndərilmiş dini nümayəndləri vardı. Dini rütbələri də yüksək idi. Biz orada onlarla açıq söhbət etdik. Onlara başa saldıq ki, bu ərazilərdə xristianlığı yayanlar yəhudilər, süryanilər olub. 300 il bu ərazilərdə xristianlığı yaymağa çalışıblar. Amma ermənilər kilsənin adını Dadıvəng qoyub. Dadi süryani olub, ermənilərlə heç bir bağlılığı olmayıb. Heç o vaxtki həvarilərin də ermənilərlə bir bağlılığı yox idi. Həvarilərdən Yelisey Qafqaz Albaniyası ərazisində xristianlığı yayıb. Biz də iddia etmirik ki, onlar udi, alban idi. Sadəcə xristianlığı yayan icmalar olub. Böyük bir dövr süriyani dövrü olub. Türkiyədə olarkən qədim süryani məbədini ziyarət etmişəm. Ona görə də, bugünkü vəziyyət tək Xudavənglə bağlı deyil. Bu kilsələrin ermənilərə heç bir bağlantısı yoxdur. Hətta bu kilsənin adının Dadıvəng qoymalarından da qorxmamalıyıq. Dadı və Yelisey xristianlığı yayan 71 apostoldan biri olub. Hərəsi bir tərəfdə xristianlığı yayıb. Ona görə də burada hansısa bir formada ermənilərlə bağlılıq axtarmaq mümkün deyil. Müstəqil Alban və Apostol kilsəsi olub. Bunun istəyib-istəməməklə heç bir əlaqəsi yoxdur. Kilsənin öz qanunları var. O qanunlara görə, qədim Şərq kilsələrindən biri Alban kilsəsi olub.
- Ermənilər hansı əsasla alban kilsəsinə sahib olmağa çalışır? Onların hansısa bir istinad nöqtəsi varmı?
- Burada gizlin bir fakt yoxdur. İlk növbədə bu məsələlərdə bizim də təqsirimiz var. Müəyyən dövr biz bu kilsədən uzaqlaşmışdıq, ögeylik yaranmışdı. Bunun haqqında çox az yazmışdıq. Ermənilər isə 200 ildə bundan çox məharətlə istifadə etməyə çalışıb. Çar və sovet dövründə ermənilərə böyük imkanlar yaradılıb. Onlar da bunu öz xeyirlərinə dəyişməyə çalıb. O dövrlərdə istinad olunan bütün məqalələr erməni dilində dərc edilib. Eyni zamanda onlar üçün yaxşı şərait yaradılmışdı. Çar və Sovet imperiyasının buna böyük marağı olub. Qafqazda hegemon imperiyanın strategiyası o idi ki, alban kilsəsinin birbaşa sahibi ermənilər olmalıdır. Erməni-qriqoryan kilsəsinin də mahiyyəti bundan ibarətdir. Qafqazda, Qarabağda olan bütün kilsələrin erməni qriqoryan kilsəsinə tabe edilməsi üçün böyük iş aparılıb, bu da ona görə edilib ki, mövcud olan tarixi Qafqaz Albaniyasında İslam dini dominant idi. Çar I Nikolay gələndə bu ərazilərdə İslam əsas faktor idi. 10-15 kənddə xristianlar yaşayıb, 5-6 kənd isə udilərdən ibarət olub. Bundan isə böyük Albaniya yaratmaq mümkün deyildi. Ona görə də, burada xristianları daimi yerləşdirməyə başladılar. Bu işdə güzəşt ermənilərə verilmişdi. Ən çox kilsələr olan yerlərdə erməniləri yerləşdirməyə başladılar. Qarabağda məhz buna görə ermənilərin sayı artmışdı. Böyük və Kiçik Qafqazın yamaclarında olan alban kilsələri olan kəndlərdə də ermənilər yerləşdirilmişdi. Ümumiyyətlə, harada kilsə vardısa, ora ermənilər yerləşdirilirdi. Bu, çar Rusiyasının dövlət strategiyası idi.
- Eçmiəzdindən gələn erməniyə alban kilsələrinin onlara aid olmadığını başa sala bildinizmi?
- Onlar hazırcavab olublar, cavabları bu idi ki, biz Albaniyanın olmadığını demirik. Bununla razılaşırlar. Arqumentlərlə danışanda başqa seçimləri qalmır. Amma iddia edirlər ki, Qafqaz Albaniyası Kür çayının sol qolunda olub, Kürün sağ qolu “bizimkidir”. Dedim axı mən udiyəm, yerin adı Utikdir. Başa salıram ki, Bərdədən bu tərəfə belə adlanıb. Sonra isə öz xəstəliklərindən “Böyük Ermənistandan” danışmağa cəhd etdilər. Bu, onlarda sindrom halı alıb, xərçəng xəstəliyi kimi bunların canlarına yayılıb. Görün, bunlar hansı fikirdədir. Tarixdən məlumdur ki, cənubda 705-ci ildə Cavanşirin dövründə Bizansla münasibətlər yaxşılaşdıqdan sonra bu ərazilərdə normal münasibətlər olub. Etiraf edilməlidir ki, biz o dövrdə də zəif tərpənmişik. Problem təkcə 1936-cı ildən başlamayıb. Cənubda bəzi kilsələri erməni qriqoryan kilsəsinin tabeçiliyinə veriblər. İkinci bir dalğa isə ermənilər İrəvanda, Eçmiəzdində yerləşdiriləndə olub. Ən böyük dalğa isə Çar Rusiyası dövründə baş verib. Bu zərbə çox güclü oldu. Alban kilsəsi erməni-qriqoryan kilsələri arasında parçalanmağa başladı. Bütün əlaqələr kəsildi, kilsə qanunları tamam pozuldu. Bu gün də müəyyən çətinliklər var ki, onu tam bərpa etmək olmur. Eyni zamanda kilsələrdə olan bütün dini ədəbiyyatlar məhv edilib.
- Xudavəngdə ermənilərin hansı dəyişiklikləri etdiyini müşahidə etdiniz? Alban-udilərə məxsus kilsə ilə erməni-qriqoryan kilsəsi arasındakı fərqin hansı müstəvidə dəyişdiyini gördünüz?
- Söhbət tək Xudavəngdən getmir. Kilsə qanunları bir dəfə qəbul edilib. Bu, Alban apostol kilsəsidir. Nə olsun ki, o kilsə (söhbət binadan getmir) bu gün yoxdur. Axı bunun tarixi, qanunları, apostol xətti var. Katalikos xəttlərinə belə riayət olunmalıdır. Bu xətt Varfolemeylə başlayıb, Yeliseylə davam edir. Bu patriarxların 82 xətti bu gün də qalıb. Ona görə də bu kilsələrin erməni kilsəsi ilə böyük fərqi var. Burada tək xaç fərqi olmur. Xaç elementlərinin ümumi cəhətləri çox ola bilər. Bu, ilk növbədə apostol xəttidir. 12 həvari olub. Onlardan biri Hindistana, digəri Misirə gedib. Misal üçün Pyotr Avropaya, Andrey Gürcüstana gəldi. Ona görə də bunlar bölünüb. Bəs o zaman sual yaranır ki, Varfolomey harada xristianlığı yayıb? Sonra onu öldürdülər. Bu, həvarilərlə bağlıdır. Ona görə də Azərbaycanda bu mədəni və dini irs çox zəngindir. Tək Kəlbəcər rayonunda alban-udilərə məxsus 35 kilsə var. Çoxu bu günə qədər qalır. Ermənilər onları çox pis vəziyyətə salıb. Çünki onlar ancaq böyük kilsələrə maraq göstərib. Həvari, Apostol, Patriarx xətti erməni qriqoryanlıqdan tamam fərqlidir. Ən böyük fərqlərdən biri isə memarlıqla bağlıdır. Linqvistik məsələlərdə də böyük fərqlər mövcuddur. Alban-udilər hansı dildə ibadət edib, buna diqqət etmək lazımdır. VI əsrdə albanların öz əlifbası olub. Albaniya çox qüdrətli bir ölkə idi. Hətta müqəddəs kitabları alban dilinə, öz ana dillərinə tərcümə ediblər. Bu, o vaxt hər millətə xas olmayıb. Onların öz ana dillərində Bibliyası, ibadət dilləri 300 il süryanı dili olub.
- Xaç elementlərində hansı fərqlər var?
- Alban kilsəsi ilə erməni-qriqoryanların xaç elementlərində fərqli cəhətlər çoxdur. Albaniyada da bəzi məsələlər indiki stilə uyğun gəlmir. Bu da normaldır. Çünki bu ərazilərdə bir etnos yaşamayıb. Çoxlu millətlər məskunlaşıb. Azərbaycan ərazisi elə qədimdə də çoxmillətli olub. Xristianlıqdan qabaq bu millət nəyə ibadət edibsə, o elementlər xaçda öz əksini tapıb. Ona görə də bəzi alban kilsələrində xaç üzərində ay elementləri var. Onların hətta böyük bir hissəsi Günəşə sitayiş edib. Cənub tərəfdə alban kilsələrində xaçın üzərində günəş elementlərini də görmək olar. Ona görə də xaçın elementləri fantaziyadır. Xaçı saxlayırlar, amma onun üzərində xristianlıqdan qabaq olan gizlin ornamentlər yerləşdirilir. Udilər aya "xaça-ay" deyir. Çünki xristianlıqdan qabaq aya sitayiş olunub. Bu gün də udilərdə rəhmətə gedən adama Allah onu ay etsin deyirlər. Ay görün necə güclü sitayiş obyekti olubsa, xristianlığı qəbul etsələr də aya sitayiş elementləri yenə də qalıb. Bu durum cənubda daha çoxdur. Oda sitayiş edənlər odun, məşəlin elementlərini hələ də daşıyırlar. Kiçik Qafqazdakı Alban kilsənin xaç simvolları bir az fərqlidir, amma kilsələrin binaları identikdir.
- Xudavəngdə ermənilər hansı cizgiləri dəyişməyə cəhd edib?
- Xudavəngdə kilsədə müqəddəs yer deyilən altar hissəsini dəyişiblər. Qədim albanlarda o 60-70 sm olur. O, kilsənin içində pərdənin arxasında dini ibadət üçün olur. Heç kim ora girə bilməz. Ermənilər onu yuxarı qaldırıb 120-130 sm səviyyəsinə çatdırıb. Digər elementlərdə də dəyişiklik etməyə çalışıblar. Kilsənin hansı hissəsində boş yer varsa, ora xaç işarələri yerləşdiriblər. Ermənilərin öz xaçqarları var. Nə qədər istəyirlərsə, xaç düzəldib istədikləri yerə vurublar. Hətta Xudavəngə yaxın xaç sexləri var. Bunu da çox rahatlıqla təyin etmək olur. Qədim xaçlarla, indiki xaçı ayırd etmək bir problem yaratmır. Elmin bu qədər inkişaf etdiyi vaxtda onu ayırd etmək çətin deyil.
- Hazırda Xudavəngdə alban-udi icması rahat ibadət edə bilirmi?
- İlk dəfə ora ziyarət gedəndə problemlər yaşandı. Biz gedəndə erməni din xadimləri ora çox gəlmişdilər. Deyirdilər ki, bura bizimdir. Biz də dedik ki, öz doğma evimizdə ibadətə gəlmişik. Sizin burada nə işiniz var? Ermənilər əvvəl deyirdilər ki, sizə icazə verməyəcəyik. Sonda çəkilişə də icazə verdilər. Biz din adamıyıq. Daha orada qırğın salmayacaqdıq ki! Amma bu da çox çəkmədi. Jurnalistləri içəri buraxmırdılar. İndi isə özləri gələ bilmirlər. Sonra biz orada ziyarətdə olanda onlardan cəmi bir, aşağı dini rütbəli adam göndərmişdilər. Əvvəl sülhməramlılar onlara icazə verirdi. İndi artıq orada Azərbaycan əsgəri növbə çəkir. Bizim hərbçilər orada olandan sonra nə problem ola bilər ki?..