Yanvarın 20-dən başlayaraq Bakı şəhərinə yağan ilk qardan sonra Bakı Şəhər İcra Hakimiyyətinin kommunal xidmətləri tərəfindən Bakı şəhərində payız-qış mövsümünə hazırlıq tədbirləri planına uyğun operativ tədbirlər həyata keçirilib.
Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətindən Teleqraf.com-a bildirilib ki, qar yağmış ərazilərdəki prospekt, küçə və yollar gecə saatlarında burada növbədə olan xüsusi təyinatlı texnika və kommunal xidmət əməkdaşları tərəfindən təmizlənmiş, bəzi yerlərə duz səpilib.
Səhər saatlarından etibarən paytaxtın kommunal xidmətləri tərəfindən şəhərdə operativ təmizlik işlərinin həyata keçirilməsinə başlanıb. Kommunal xidmətlərin avtonəqliyyat vasitələri və əməkdaşları tərəfindən prospekt və küçələrin kənarlarının çirklənmədən təmizlənməsinə, səki kənarları, bordyurların və buradakı işıq dirəklərinin yuyulmasına, yol kənarlarına yığılan çirkabların təmizlənməsi həyata keçirilib.
Eyni zamanda Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Trestinin əməkdaşları yol kənarlarındakı yaşıllıq zolaqlarını yuyaraq təmizləyib, sinmış ağaclar budanıb, digər lazımı işlər həyata keçirilib.
Təmizlik işləri paytaxtın bütün rayonlarında aparılır və şəhərin təmizliyinin lazımı səviyyədə saxlanılması üçün bütün tədbirlər həyata keçirilir. Görülən işlər Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ciddi nəzarətdə saxlanılır.
Qeyd olunub ki, sabah yanvarın 23-də Bakı Şəhər İcra Hakimiyyəti strukturları üçün iməcilik elan edilib.