Məlum olduğu kimi, fevralın 1-dən Azərbaycanda əhali üçün içməli suyun qiyməti ikiqat hesablanır. Tarif Şurasının iclasında "Azərsu" ASC-nin müraciəti əsasında bir kubmetr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 70 qəpik, digər inzibati ərazi vahidləri üzrə 60 qəpik, tullantı sularının axıdılması xidmətinin tarifi isə ölkə üzrə bir kubmetr üçün 30 qəpik səviyyəsində təsdiq edib.
Maraqlıdır, suyun tarifinin artması hansı xidmət sahələrində qiymətlərə təsir edə bilər?
İqtisadçı Akif Nəsirli Teleqraf.com-a bildirib ki, Tarif Şurası sonuncu iclasda məişət üçün istifadə edilən suyun qiymətini artırırb: “İstehsal və kommersiya sahələrində suyun bir kubmetri əvvəlcədən 2 manata satılıb. Bu məqsədlə istehlak olunan suyun tarifində dəyişiklik olmayıb. Ona görə də suyun sonuncu qiymət artımının istehsal və xidmət sahələrinə birbaşa təsiri olmamalıdır.
Tutaq ki, kimsə bərbərxana işlədir və o, məişət üçün istifadə olunan sayğacdan suyu götürüb istifadə edir. Bu halda suyun qiyməti xidmət sahələrinə təsir edə bilər. Amma əgər indiyədək qanuni olaraq xidmət və istehsal sahəsində suyu öz statusuna uyğun işlədibsə, həmin sahibkarların xərc maddəsində artım olmayacaq. Yəni, suyun qiymətinin artması sahibkarlara birbaşa təsir göstərməyəcək.
Amma ayrılıqda hər bir sahibkar insandır və məişətdə sudan istifadə edir. Bu da onun ailə büdcəsində xərcləri artıracaq. Bu baxımdan sahibkar xərclərini qarşılamaq üçün müəyyən qiymət artımına gedə bilər”.
Akif Nəsirli deyir ki, spirtli içki, eləcə də mineral su istehsalçıları da sahibkardır: “Əgər indiyədək suyu sahibkar kimi alıblarsa, onların xərc maddələrində heç bir dəyişiklik olmamalıdır. Çünki artan tariflər kommersiya məqsədli su qiymətlərinə aid deyil. Məişət üçün istifadə olunan suyun qiymət artımının istehsal sahələrinə birbaşa təsir yoxdur.
Kim indiyədək sahibkar olaraq qeyri-qanuni şəkildə məişət üçün verilən sudan istifadə edibsə, sonuncu qiymət artımı onun xidmətinə təsir edə bilər. Bu da onun öz günahıdır ki, indiyədək məişət üçün istifadə olunan sudan istifadə edib. Əslində sahibkar məişət kateqoriyasına aid olan sudan abonent kimi yrarlanmamalıdır, o, kommersiya təyinatlı suyu istehlak etməlidir”.