11 Fevral 2021 16:32
403
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türk Hava Yollarının Azərbaycandakı nümayəndəsi Selahattin İlyas Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb. Görüşdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztür və Türk Hava Yollarının Gəncədəki nümayəndəsi Cabir Peçe də iştirak ediblər.

Türk Hava Yollarının Azərbaycandakı nümayəndəsi Selahattin İlyas bildirib ki, Gəncə, Göygöl, Gədəbəy, Naftalan və digər ətraf ərazilərin turizm potensialının günü-gündən inkişaf etməsi bölgəyə gələn xarici qonaqların sayına müsbət təsir edir. Bu və bir sıra digər amilləri nəzərə alan Türk Hava Yolları sərfəli qiymətlərlə Gəncəyə uçuşlar təşkil etməyi planlaşdırır.

Niyazi Bayramov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi Gəncəyə səfər edəcək yerli və xarici turistlərin sayına təsirsiz ötüşməyəcək.

O, həmçinin vurğulayıb ki, Azərbaycan son illərdə turizm sahəsində müəyyən irəliləyişlər əldə edib. Bu sahənin inkişafına işğaldan azad edilən torpaqlarımızda qurulacaq infrastruktur da müsbət təsir göstərəcək. Gəncənin yerləşdiyi coğrafi mövqe bölgəyə gələcək olan turistlər üçün olduqca əlverişlidir. Belə ki, buradan sözügedən ərazilərə daha rahat səfərlər etmək mümkündür.

Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk və Türk Hava Yollarının Azərbaycandakı nümayəndəsi Selahattin İlyas məsələ ilə bağlı müsbət gözləntilərin olduğunu qeyd ediblər.

Bildirilib ki, Gəncəyə uçuşların may ayından təşkil edilməsi planlaşdırılır.

Görüşün sonunda qarşılıqlı xatirə hədiyyələri təqdim edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər