Bu gün siyasi partiyaların nümayəndələrinin və sədrlərinin vaksinasiyası həyata keçirilib.
Teleqraf.com xəbər verir ki, partiya nümayəndələri peyvəndlə bağlı təəssüratlarını jurnalistlərlə bölüşüblər.
İxtisasca həkim olan Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər peyvənd olunmağın sosial məsuliyyət olduğunu vurğulayıb: "Peyvəndin ilk dozası artıq vuruldu. Bu, yerində olan təşəbbüsdür. Ölkəmizə gətirilən vaksin inaktiv, daha təhlükəsiz vaksindir, ənənəvi üsulla hazırlanıb. Digər vaksinlərlə müqayisədə təhlükəsiz olması, saxlanması üçün xüsusi şəraitin tələb edilməməsi, daşınmasının asanlığı üstün tərəfidir. İşin təşkilini müsbət qiymətləndirirəm. Bütün vətəndaşlarımızı aparılan əks-təbliğata baxmayaraq, bir həkim kimi peyvənd olunmağa dəvət edirəm. Peyvəndləmə könüllü olsa da, sosial məsuliyyət olmalıdır. Peyvənd olunmayan həm özü xəstələnə, həm də xəstəliyin daşıyıcısı ola bilər".
Azad Demokratlar Partiyasının sədr müavini İlham Baratov da vaksinasiya prosesini müsbət qiymətləndirib: "Heç bir məcburiyyət olmadan gəlib peyvənd olunduq. Hər şey qaydasındadır, özümü yaxşı hiss edirəm. Vətəndaşlarımızı peyvənd olunmağa çağırıram".
Milli Vəhdət partiyasının sədri Yunus Oğuz sağlamlıq üçün vaksinasiyanın vacib olduğunu deyib: "61 yaşım var, özümü yaxşı hiss edirəm. Vaksinasiya pul verməklə olunmur. Qeydiyyatdan keçib, peyvənd olunursan. Düşünürəm ki, bu, hər kəsə lazımdır. Yoluxma artmasın, əhali sağlam olsun deyə vaksinasiya hökmən lazımdır".
Müstəqil Xalq partiyasının sədri Əfran İbrahimov vaksinasiyanın pandemiyaya qalib gəlmək üçün tək yol olduğunu deyib: "Mən öz partiya yoldaşlarımla birlikdə könüllü sürətdə gələrək, peyvənd olunduq. Bu prosesi xalqımızın hər bir nümayəndəsi qəbul etməlidir. Vaksinlərin gətirilməsində, onların xərcində prezidentin çox böyük köməyi var. Partiyamızla birlikdə dövlətin bütün tədbirlərində iştiraka hazırıq. Bu gün gələnlər partiyamızın siyasi şurasının üzvləridir. Xalqıma səslənirəm, peyvənd olunun. Çünki bu pandemiyanın qarşısını alır".
Azərbaycan Naminə Alyans partiyasının sədri Səmədov Abutalıb da vətəndaşları peyvənd olunmağa çağırıb: "Heç nə hiss olunmadı, özümü çox yaxşı hiss edirəm. Sənədləşdirmə aparılır, peyvənd vurulur. Hesab edirəm ki, burada çəkinəcək heç nə yoxdur. Peyvənd olunmalıyıq".