İsveçrənin Bern şəhərində Ümumdünya Poçt İttifaqının (ÜPİ) Poçt Əməliyyatları Şurası (PƏŞ) və Administrativ Şurasının (AŞ) birgə sessiyalarına start verilib. 14 noyabr tarixinə qədər davam edəcək payız sessiyasının gündəliyində ÜPİ-nin üzv-ölkələrinin poçt xidmətlərinin təkmilləşdirilməsinə dair bir çox məsələlərə baxılacaq.
Teleqraf.com xəbər verir ki, PƏŞ-in tərkibində fəaliyyət göstərən işçi və layihə qruplarının iclasları (“Poçt bağlamaları üzrə hesablaşma”, Məktublar üzrə hesablaşma”, “Xidmətin keyfiyyəti ilə əlaqə”, poçt maliyyə xidmətləri sahəsinə dair qruplar və digər) əsasən sessiyanın birinci həftəsində keçiriləcək.
Bu tədbirlərdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (RYTN ) BƏHM-in hesablaşma üzrə meneceri Vüsal Mirzəyev iştirak edir.
Sessiyanın 2-ci həftəsindən etibarən AŞ-nin bir sıra işçi və layihə qruplarının işi başlayacaq.
Bu dövrdə, həmçinin ÜPİ-nin QSF (Quality Servise Fund) üzrə Qəyyumlar Heyətinin (Board of Trustees – BoT) də iclasları nəzərdə tutulub.
Sözügedən tədbirlərdə müzakirə olunacaq əsas məsələlər arasında dünya ölkələri tərəfindən ÜPİ Katibliyinə təqdim olunmuş layihələr, həyata keçirilmiş ən yaxşı QSF layihələri nominasiyası üzrə qalib gəlmiş ölkələrin mükafatlandırılması və s. məsələlər də olacaq.
Həmin dövrdə müzakirə nəzərdə tutulmuş digər məsələlər arasında Azərbaycan poçtu üçün aktual olan mövzular (beynəlxalq poçtun ölkəmizə açıq tranzit olmadan birbaşa daşınması, elektron ticarət, birgə QSF layihələrinin hazırlanması, yeni poçt xidmətlərinin tətbiqi üzrə təcrübə mübadiləsi, xaricdə poçt mübadiləsi məntəqələrinin açılması və s.) yer alıb.
Sessiyanın sonunda Plenar iclaslar keçiriləcək. AŞ-nin tərkibində fəaliyyət göstərən komissiyaların sessiya dövründə görülmüş işlər üzrə hesabatlarının dinlənilib təsdiq edilməsi gözlənilir.
İLHAMƏ