Azərbaycan Tibb Universitetində (ATU) Rusiya Tibb Elmləri Akademiyasının və Rusiya Elmlər Akademiyasının akademiki, N. N. Bloxin adına Rusiya Elmi-Tədqiqat Onkoloji Mərkəzinin direktoru Mixail İvanoviç Davıdovla görüş keçirilib.
Teleqraf.com xəbər verir ki, ATU-nun rektoru, akademik Əhliman Əmiraslanov görüşün əvvəlində Mixail Davıdovun elmi nailiyyətləri haqqında məlumat verərək bildirib ki, Mixail Davıdov Rusiya Federasiyasının Dövlət Mükafatı laureatı, Əməkdar Elm Xadimi, Rusiyanın baş onkoloqudur: “Mixail İvanoviç Davıdov Rusiya Elmi-Tədqiqat Onkoloji Mərkəzinin rəhbəri, İ.M.Seçenov adına Rusiya Dövlət Tibb Universitetinin kafedra müdiri, dünya miqyaslı tanınmış mütəxəssisdir. Onun bədxassəli şişlərin cərrahi müalicəsində yeni metodların hazırlanması, əvvəlki metodların təkmilləşdirilməsi üzrə xeyli praktiki işləri var”.
Daha sonra akademik Əhliman Əmiraslanov rusiyalı həmkarına Azərbaycan Tibb Universitetinin “ Fəxri doktoru” diplomunu təqdim edib.
Bu yüksək ada layiq görüldüyünə görə ATU-nun rəhbərliyinə minnətdarlığını bildirən M. Davıdov rəhbərlik etdiyi mərkəzdə fəaliyyət göstərən azərbaycanlı mütəxəssislərin təkcə Rusiyada deyil, MDB məkanında və dünyada məşhur mütəxəssislər olduğunu qeyd edib.
Daha sonra AMEA-nın vitse prezidenti akademik Akif Hacıyev və akademik Böyükkişi Ağayev çıxış edərək M.İ.Davıdovun onkoloq cərrahlar mərkəzinin yaradıcısı olduğunu, bədxassəli şişlərin müalicəsinin təkmilləşdirilməsi, eksperimental və praktiki onkologiyanın ən müasir metodlarının tətbiqi məsələlərinin öyrənildiyini qeyd ediblər.
Xatırladaq ki, görüşdə Səhiyyə Nazirinin müavini Elsevər Ağayev, AMEA-nın vitse prezidenti akademik Akif Hacıyev, N. N. Bloxin adına Rusiya Elmi-Tədqiqat Onkoloji Mərkəzinin direktor müavini, akademik Mamed Əliyev, bu mərkəzin onurğa cərrahiyəsi şöbəsinin müdiri Elmar Musayev, urologiya şöbəsinin baş elmi işçisi Anar Pənahov, plastik və rekonstruktiv cərrahiyə şöbəsinin müdiri Vladimir Sobolevskiy, döş qəfəsi cərrahiyyəsi şöbəsinin baş elmi işçisi Mixail Davıdov da iştirak ediblər.
İLHAMƏ