Nəhayət, Azərbaycanın da fəaliyyətinə qoşulduğu, özündən asılı olan bütün prosedur qaydalarına məsuliyyətli dövlət kimi önəm verdiyi beynəlxalq təşkilat olan COVAX özünün götürmüş olduğu öhdəliyi həyata keçirməyə başlayıb. Əslində, bu çoxdan olmalı idi. Düşünürəm ki, onların göndərmiş olduğu vaksinin miqdarı kifayət qədər deyil, onlar bunu göndərməyə borcludurlar. Çünki beynəlxalq təşkilat kimi öhdəlikləri var və bu öhdəliyə əməl etməlidirlər. Artıq vaksinin başqa mənbədən Azərbaycana daxil olması da başlayıb. Azərbaycanda vaksin problemi olmayacaq.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.
Onun sözlərinə görə, Azərbaycanın özündə vaksinləşmədə problem var: "Xalqımız pandemiyanın başladığı ilk dövrlərdə olduğu kimi, vaksinə də qarşı məsuliyyətsiz addımlar atır. Sosial şəbəkədə pandemiyadan anlayışı olmayan bir nəfərin saxta məlumatlarına əsaslanaraq vaksinasiyadan uzaq olmaq istəyirlər. Bu doğru deyil.
Hər zaman demişəm, biz adi vətəndaş kimi, təhsil və savad səviyyəsindən asılı olmayaraq dünyada gedən prosesləri ağıllı şəkildə təhlil edib, ondan nəticə çıxarmalıyıq. Koronavirusun qarşısını almaq dövlətdən daha çox vətəndaşların məsuliyyətidir. Tibbi maska, sosial məsafə və gigiyenik təmizlik - bunlara əməl etdikdə epidemioloji statistikaya baxdıqda, görürük ki, yoluxma sayı az, sağalma sayı yüksəkdir, ölüm sayı minimuma enir".
Millət vəkili xalqa müraciət edərək, vaksinasiyada aktiv iştiraka çağırıb: "Pandemiya ilə mübarizənin vacib elementi vaksinasiyadırsa, deməli, dördüncü elementlə pandemiyadan sığortalanıb, doğmalarımızı itirməmək şansını əldə edirik. Maskadan istifadə olunsun, sosial məsafə gözlənilsin, gigyenik qaydalara əməl edilsin və mütləq hər kəs peyvənd olunsun. Yalnız bu halda doğmalarımızın virusa yoluxmasının qarşısını ala bilərik.
Çox istərdim ki, KİV-lərdə vaksinasiya prosessinə diqqət ayrılsın. Məncə, vaksinasiya könüllü yox, məcburi aparılmalıdır. Əgər pandemiya böyük miqyas alırsa, burada niyə könüllülük əsası olmalıdır? Niyə hamı məsuliyyət daşımalı deyil?
Əhalinin vaksinə qarşı etinasız yanaşmasına görə, milli məclisin növbəti iclaslarında bu məsələni qaldıracam. Bu dövləti, dövlətimizi, doğmalarımızı qorumaq üçündür".