8 Aprel 2021 10:30
313
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaşı 50-dən yuxarı olan müəllim və texniki heyətdən Bakıda 54 %-i, Sumqayıtda 69 %-i, Abşeronda 60 %-i, digər bölgələrdə isə 50 %-i koronavirus əleyhinə peyvənd vurdurub.

Teleqraf.com xəbər verir ki, bu barədə Təhsil naziri Emin Əmrullayev məlumat verib.

O, bu rəqəmlərin hər gün dəyişdiyini söyləyib:

“Hər hansı məktəbin işçi heyətinin 85 %-dən çoxu vaksinasiya prosesindən keçibsə, həmin təhsil ocağını müəyyən mənada təhlükəsiz məktəb kimi qiymətləndirə bilərik. Əminəm ki, təhsilin bütün sahəsi üzrə 80-90 % müəllim və texniki heyət peyvənd olunacaqsa, bu şərtlə sentyabrın 15-də ənənəvi tədrisə qayıda bilərik. Əks halda sadəcə hansısa qapanma və dalğalarla pandemiya uzun müddət davam edəcək. Ona görə də ən effektiv üsul peyvəndləmədir”.

Nazir qeyd edib ki, son aylarda gündəlik yoluxanların təxminən 4-6 faizini müəllimlər təşkil edib ki, həmin faiz sırf məktəblərdə yoluxmalarla bağlı deyil: “Müəllimin də ailələri var və ailədaxili yoluxmalar qeydə alınır. Şagird yoluxması da 6-8 faiz təşkil edib. Bəzi məktəblərdə müəllimlər arasında kütləvi yoluxma faktları çox az hallarda qeydə alınıb və həmin təhsil ocaqları da distant tədrisə keçib”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər