Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Lənkəran rayonunun Yuxarı Nüvədi kəndində qadının gəlinini döyməsi iddiası ilə bağlı yayılan videogörüntülərə münasibət bildirib.
Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri, hüquq üzrə fəlsəfə doktoru Elgün Səfərov bildirilib ki, videogörüntülərdə qadının fiziki zorakılığa məruz qalması faktı ilə bağlı yerli icra hakimiyyəti nəzdində fəaliyyət göstərən Gender zorakılığına qarşı mübarizə komissiyası və hüquq-mühafizə orqanları ilə birlikdə araşdırmalara başlanılıb.
O bildirib ki, artıq ailə nəzarətə götürülüb: "Müvafiq olaraq, yerli icra hakimiyyəti nəzdində Gender zorakılığına qarşı mübarizə komissiyası vasitəsilə həmin ailəyə ziyarət təşkil edilir və Daxili İşlər Nazirliyi tərəfindən izahatlar alınacaq. Xəsarətlərin qiymətləndirilməsi aparılacaq və komissiya tərəfindən yekun qərar veriləcək"
Qeyd edək ki, Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə yayılan görüntülərdən xəbərdar olduqları barədə açıqlama verib. Qeyd olunub ki, 1946-cı il təvəllüdlü Girdənaz Qurbanovanın 1990-cı il təvəllüdlü gəlinini döyməsini əks etdirən videogörüntülərlə bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır. Bildirilib ki, araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.