5 May 2014 15:37
1 485
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hidrometeroloqlar may ayı boyunca dolu və leysanın olacağını proqnozlaşdırır

Mayın 4-də Göyçay, Qəbələ, İsmayıllı və Şamaxı, Ağdaş rayonlarına güclü dolu düşüb, leysan yağıb. Teleqraf.com, saat 22.00 radələrində başlayan və təqribən 20 dəqiqə davam edən dolu təsərrüfata - meyvə ağacları və əkin sahələrinə ziyan vurub. Evlərin dam örtükləri, pəncərələri və maşınların şüşələri sınıb. Rayonların enerji təsərrüfatı və rabitə sistemində də problemlər yaranıb. Ötən gecədən bəzi yaşayış məntəqələrinin elektrik enerjisi ilə təchizatı dayanıb.

Rayonların Fövqəladə Hallar Komissiyasının nümayəndələri sakinlərlə görüşərək, onların şikayət və təkliflərini dinləyiblər.

Yumurta böyüklükdə dolu evlərin və maşınları şüşəsini sındırıb

Əsasən Göyçayda yumurta və qoz böyüklüyündə olan dolu dənələri evlərin və sosial obyektlərin dam örtüyünü, habelə avtomobillərə ziyan vurub. Rayonların enerji təsərrüfatında da problemlər yaranıb, bəzi yaşayış məntəqələrinin elektrik enerjisi ilə təchizatı dayanıb. Yerli sakinlər belə dolu yağışının uzun illərdir, müşahidə olunmadığını bildirirlər.

Göyçay rayon Qarabaqqal kənd sakinləri rayon rəhbərliyinə etiraz olaraq Bakı-Şamaxı-Yevlax magistral yolunu bağlayıblar. "Azadlıq" radiosu kənd sakinlərinə istinadla məlumat yayıb ki, etiraz edənlər dəymiş ziyanın aradan qaldırılmasını tələb ediblər. Ən çox ziyanın onların kəndində baş verdiyini deyən sakinlər evlərinin dam örtüklərinin, əkin sahələrinon sıradan çıxdığını deyiblər.

Polislər kənd sakinlərindən yolu açmağı tələb etsə də, sakinlər müqavimət göstərdiyinə görə, onlar arasında narazılıq yaranıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi: dolu may ayına xasdır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin bildirdiyinə görə, ötən gün Böyük Qafqaz ərazisində olan bölgələrdə müşahidə edilən leysan xarakterli yağışlar və dolu yağmasının may ayı üçün xarakterikdir. Onun sözlərinə görə, bu cür hava şəraiti öncədən proqznozlaşdırılıb. Asif Verdiyev dedi ki, əvvəlki illərin müvafiq dövründə də leysan və dolu müşahidə edilib: “Bu il də may ayı ərzində bəzi günlərdə yenidən oxşar hava şəraiti-güclü yağış və dolu düşməsi müşahidə edilə bilər”.

Asif Verdiyev onu da bildirdi ki, ölkə ərazisində proqnozlaşdırılan təhlükəli hidrometreoloji hava şəraiti ilə bağlı proqnozlar barədə əvvəldən əlaqədar qurumlara, o cümlədən Kənd Təsərrüfatı Nazirliyinə məlumat verilib. “Ötən gün müşahidə edilən hava şəraiti ilə bağlı da aidiyyəti təşkilatlara məlumat verilmişdi”.

Mayın 7-dən hava dəyişərək küləkli olacaq...

Nazirlik rəsmisi onu da əlavə etdi ki, yaxın iki-üç gün ərzində bölgələrdə yağmursuz hava şəraiti müşahidə ediləcək. Gecə və səhər saatlarında ayrı-ayrı yerlərdə duman gözlənilir. Havanın temperaturu aran rayonlarında 27-30, dağlarda 18-23 dərəcə isti proqnozlaşdırılır.

Mayın 7-dən başlayaraq hava yenidən dəyişəcək. Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu və əsasən yağmursuz keçəcək. Mayın 7-də küləkli hava şəraiti müşahidə ediləcək. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Kənd Təsərrüfatı Nazirliyi təsərrüfatlara dəyən ziyandan məlumatsızdır

Təsərrüfatlara dəyən ziyanla əlaqədar Kənd Təsərrüfatı Nazirliyinə müraciət etdik. Qurumun mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bu barədə heç bir məlumatlarının olmadığını dedi. Hətta təbii fəlakətin hansı ərazilərdə baş verməsi barədə bizdən soruşdu və əlavə etdi ki, dəymiş ziyanla bağlı nazirliyə hər hansı müraciət daxil olmayıb. Məsələnin araşdırılmasına gəldikdə, mətbuat xidmətinin rəhbəri buna ehtiyac olmadığını bildirdi: “Ciddi ziyan dəymiş olsaydı, nazirliyin ərazi idarələrinə məlumat verilərdi. Məlumat verildikdən sonra, hansı sahəyə nə qədər ziyan dəyməsi, aradan qaldırılması üçün hansı tədbirlərin görüləcəyi müəyyən ediləcək”.

NİGAR


Müəllif: