Avropa İttifaqı (Aİ), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə həyata keçirdiyi “açıq qapı” günləri Şəki şəhərində yerləşən bir sıra peşə təhsil müəssisələri ilə başa çatır.
Teleqraf.com xəbər verir ki, “Açıq qapı” günlərinin məqsədi peşə təhsil mərkəzləri haqqında məlumatlılığı artırmaq, həmçinin peşə təhsilinin gənclər üçün uğurlu təhsil seçimlərindən birinə çevrilməsi istiqamətində dəstək olmaqdır.
Sayca beşinci olan tədbir Şəki Dövlət Peşə Təhsil Mərkəzi ilə birgə təşkil olunub. Onlayn qaydada keçirilən tədbirdə Şəki şəhərindən 100 nəfərədək yuxarı sinif şagirdləri, valideyn və müəllim kollektivi, həmçinin Peşə Təhsili üzrə Dövlət Agentliyinin və Şəki Şəhər Təhsil İdarəsinin rəsmi nümayəndələri iştirak edib.
İştirakçılar peşə təhsili sisteminin müasirləşdirilməsi istiqamətində hazırda gedən fəaliyyətlər haqqında öyrənmə imkanı əldə ediblər, eləcə də peşə təhsil mərkəzinə qəbul prosedurları və müvafiq peşə təhsil mərkəzlərində mövcud imkan və xidmətlər barədə ətraflı məlumat alıblar. Tədbirdə həmçinin, cari çətinliklər, regionlarda peşə təhsili üzrə karyera imkanları və perspektivləri barədə müzakirələr aparılıb.
Qeyd edilən tədbir Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMTİP tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilən “Gələcək üçün Peşə Təhsili və Təlimi: Azərbaycanda Qabaqcıl Peşə Təhsili Mərkəzlərinin yaradılmasına dəstək” layihəsi çərçivəsində təşkil olunub. Layihənin əsas məqsədi Azərbaycandakı peşə təhsil müəssisələrinin müasirləşdirilməsinə və əmək bazarının mövcud ehtiyaclarına uyğun tədrisin təşkilinə yardım etməkdir.
Layihə, “açıq qapı” günləri çərçivəsində Gəncə, Cəlilabad və Şəkidə yerləşən bir sıra peşə təhsil müəssisələri üçün beş tədbirin təşkilinə dəstək göstərib.