Azərbaycan COVID-19-la mübarizədə nümunəvi addımlar atdı. Əksər beynəlxalq təşkilatlar və dövlətlər ölkəmizin bu mübarizəsini müsbət dəyərləndirdi. Modul tipli xəstəxanalar yaradıldı, vətəndaşların sağlamlığının qorunması üçün lazımi təcrübənin öyrənilməsi, vətəndaşlara xidmətlərin göstərilməsi ilk dönəmdə həyata keçirilən işlər idi. Növbəti mərhələdə xaricdən mütəxəssislər gətirildi, onların bilik və bacarıqlarından istifadə edildi.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
Onun sözlərinə görə, görülən tədbirlər nəticəsində ölkəmizdə yoluxma halları aşağı enib:
"2021-ci ilin yanvarından başlayaraq vaksinasiyaya başlanıldı və Azərbaycan bu prosesdə ilk sırada yer alan dövlətlərdəndir. Digər dövlətlərlə müqayisədə vaksinlərin əldə olunmasında heç bir problem olmadı. Mövcud olan vaksinlərin Azərbaycana gətirilməsinə və tətbiqinə nail ola bilmişik. Sevindirici haldır ki, vaksinasiyada kütləvilik görürük, vətəndaşlarımız buna maraqlıdırlar. Yumşalma tədbirləri həyata keçirilir, COVID pasportu tətbiq edilir. Görülən işlər nəticəsində virusa yoluxma sayında azalma müşahidə edirik, artıq iki gündür ki, ölüm halları baş vermir. Hesab edirəm ki, dövlətimiz bundan sonra da pandemiya ilə mübarizədə öz üzərinə düşən işi layiqincə yerinə yetirəcək".