23 İyun 2021 20:58
673
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çox təəssüf ki, Azərbaycan ədəbi dilində nitqimizin, ədəbi dilin yüz illərlə formalaşmış qaydasını pozmağa yönəlik ləhcələşmə prosesi bir növ rəsmiləşdi. Çox biabırçı bir orfoepiya qaydaları tərtib edilib. Ümumiyyətlə, bizim dilçilər orfoepiya qaydalarını bilmirlər. “Orfoepiya nədir?” sualına Azərbaycan dilçiləri cavab verə bilmirlər. Bilsələr belə şeyi edib, bunu hökümətə təqdim etməzdilər. Ötən əsrin müstəqillik illərinə az qalmış, dialektologiya mütəxəssislərinin ayrı-ayrı bölgələrə aid hazırladıqları dialekt lüğətlərini əsas götürüb belə bir qaydalar müəyyənləşdiriblər.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Şərqşünas-alim Nəriman Qasımoğlu orfoepiya qaydalarında edilən dəyişikliklər haqqında danışarkən deyib.

Onun fikrincə, yeni orfoepiya qaydalarını tərtib etməklə Azərbaycan ədəbi dilinin nitq mədəniyyətinə çox böyük zərbə vurulub: “Mən bunu dəfələrlə yazmışam, lakin sadəcə iki iradımı nəzərə aldılar. İllərlə şagirdlərə [məllim] deyən dilçilər, indi yenidən [müəllim] deyə tələffüz etməyə başlayıblar. Bu, onların kosmetik düzəltdiyi bir ifadədir. Konseptual olaraq ləhcələşməyə xidmət edən qərardır və məncə, o qərar ləğv olunmalıdır. Mənim bir yazım var, “Azərbaycan dilçilərinin konseptual yanlışı”. O yanlışları dərsliklərdə ifadə ediblər. Gərək onlar dərsliklərdən çıxarılsın. Olmasa, nitq mədədniyyətinə hörmətsizlik olacaq, savadsızlıq təlqin edəcək”.

Nəriman Qasımoğlu hesab edir ki, yeni tərtib edilən qaydalar savadsızlığa aparan qaydalarla yazı və nitq mədəniyyətimiz formalaşıb: “Yazı dili ilə şifahi nitqi yaxınlaşdıran məqamların üzərində durmaq əvəzinə, bunları uzaqlaşdıran məsələlərə diqqət yönəldirlər. Bununla da şagirdlərin nitq mədəniyyətində qüsurlar meydana çıxır. Vizual yaddaşlarında müəllimlərin əzbərlətdikləri tələffüz qaydası qalır. O vizual yaddaşlarında qalan da orfoepiya xətalarına yol açır. Başqa dillərin də orfoepiya qaydaları var. Məsələn, rus dilində orfoepiya qaydaları yalnız bir iki məsələ üzərində əsaslanır. Biri vurğudur, rus dilində sözlərdə vurğularda problemlər olur. Digəri isə, “o” hərfi ilə yazılan sözlər “a” ilə tələffüz olunur. Bununla bitir. Lakin bizdə məişət şəkilçilərini normativ olaraq qəbul etdirmək istəyirlər. Məişət fonetika hadisəsini rəsmiləşdirmək olarmı? Məişət fonetika hadisəsini normativlər sırasından ədəbi dil qaydalarının norması kimi necə təsdiq edə bilərsən? Dilçilik institutu sələflərinin yolunu davam etdirir”.


Müəllif: Aysel Azad