“Davam” Gənclər Hərəkatının İdarə Heyətinin üzvü Sara Rəcəbli sosial aktivist və sosial sahibkarlar üçün təsis olunan Böyük Britaniya şahzadəsi Diana Spenser adına mükafata layiq görülüb.
Bu barədə Teleqraf.com-a “Davam” Gənclər Hərəkatından məlumat verilib.
Məlumata görə, o, bu mükafatı qazanan ilk azərbaycanlı sosial sahibkardır.
“Diana Awards” 9-25 yaşlarda sosial sahədə fəaliyyət göstərən gənclərə verilən ən prestijli mükafatdır. Sara Rəcəbli bu mükafatın qalibi olaraq Oksford, Kembric kimi dünyanın ən nüfuzlu universitetlərinin təklif etdiyi təlimlərə və kurslara ödənişsiz qatılmaq hüququ qazanıb. Həmçinin, fəaliyyətləri ilə tanınan dünyaca məşhur gənc liderlərlə eyni şəbəkədə təmsil olunaraq onları tanımaq şansı əldə edib.