Bu gün Azərbaycan Dövlət Musiqili Teatrında III Bakı Beynəlxalq Teatr Konfransı keçirilir.
APA-nın məlumatına görə, konfransda Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, vitse-spiker Ziyafət Əsgərov, mədəniyyət və turizm naziri Əbulfəs Qarayev, millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdula və təhsil naziri Mikayıl Cabbarov iştirak edirlər.
Konfransda çıxış edən Ə.Qarayev bildirib ki, konfransın keçirilməsi Azərbaycan dövlətinin teatra qayğısı və Azərbaycan cəmiyyətinin teatra diqqətinin göstəricisidir. Onun sözlərinə görə, konfransda iştirak edən 45 ölkənin teatr xadimləri, teatrşünaslar müxtəlif təkliflərlə gəliblər: “Biz teatr xadimləri və teatrşünaslarla teatr haqqında müzakirələr aparacağıq”.
K.Abdulla deyib ki, bu teatr konfransının multikultral dəyərlər mövzusunda keçirilməsi son dərəcə əhəmiyyətli və qanuna uyğundur. O qeyd edib ki, Azərbaycan dövləti və cəmiyyəti multikultural dəyərlərə sadiq şəkildə yaşayır və inkişaf edir.