"İnsan kapitalının inkişafı və kadr potensialının dəyərləndirilməsi baxımından unikal layihə olan “Yüksəliş” müsabiqəsinin son mərhələsidir".
Teleqraf.com xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Tvitter hesabında yazıb.
"Finala yüksəlmiş iştirakçılar peşəkarlıq səriştələrinin hərtərəfli qiymətləndirilməsi, fərdi inkişaf planının tərtib edilməsi ən yaxşı idarəçi rəhbərlər sırasına qoşulmaq imkanı əldə edirlər. İnanıram ki, qaliblərimiz inkişaf üçün yaradılan imkanlardan bəhrələnəcək, ölkəmizin yüksəlişinə töhfə verəcəklər", - o qeyd edib.
Xatırladaq ki, əyani mərhələnin birinci imtahanı olan “Qabiliyyət üzrə yoxlama imtahan”ı 12 sentyabr 2020-ci il tarixində keçirilib. Bu mərhələyə qatılan 940 nəfər iştirakçıdan 728-i “İdarəetmə bacarıqları üzrə imtahan”da iştirak etmək hüququ qazanıb. Son imtahanda ən yüksək nəticə göstərən 300-dək iştirakçı müsabiqənin növbəti mərhələsi olan yarımfinala qatılacaq.
İmtahan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair” metodiki göstərişləri nəzərə alınmaqla hazırlanmış təlimata uyğun təşkil edilib.
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi 21-51 yaş aralığında, 2 illik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən - qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqədə 11 760 nəfər qeydiyyatdan keçib. Onlardan 9 775 nəfər müsabiqəyə qəbul edilib.
“Yüksəliş” müsabiqəsi cənab Prezident İlham Əliyevin 26 iyul 2019-cu ildə imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.