Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutu (GGİ) termal suların ocaqlarından alternativ enerji mənbəyi kimi istifadə edilməsi məqsədi ilə tədqiqatlar aparır. Bu barədə GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Teleqraf.com xəbər verir ki, bütün səylərini bu ocaqların yerləşmə koordinatlarının müəyyən edilməsinə yönəltmiş alimlər əmindirlər ki, respublikamızda geniş yayılmış termal sular yüksək enerji potensialına malikdirlər.
GGİ-nin Hidrogeologiya və mühəndisi-geologiya şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru Yusif İsrafilovun sözlərinə görə, Azərbaycan üçün günün aktual məsələlərindən olan alternativ enerji mənbələrinin müəyyənləşdirilməsi və istifadəsi institutun tədqiqat hədəflərindən biridir. Tədqiqatlar "Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nda qarşıya qoyulmuş vəzifələrə uyğun həyata keçirilir. Bu tip suların enerji potensialının istifadəsi üçün səmərəli texnologiyaların hazırlanması istiqamətində araşdırmalar aparılır. Suların mənbələrinə dair məlumat bazası hazırlanıb, yer səthinə qalxmasının mexanizmi müəyyənləşdirilib.
Yüksək temperaturlu termal sulardan enerji almağın mümkün olduğunu söyləyən Y.İsrafilov əlavə edib ki, bu cür texnologiyalar dünyada geniş tətbiq olunur və özünü doğrulub. GGİ-nin alimləri sözügedən tədqiqatlarda dünya təcrübəsindən lazımınca faydalanır. Hazırda GGİ-nin alimlərinin qarşısında duran əsas məsələ Azərbaycandakı termal suların mənbələrinin koordinatlarını dəqiq müəyyən etməkdir. Bu ocaqların yeri dəqiqləşdirilərsə quyu qazmanın elmi əsaslı imkanları müvafiq dövlət qurumuna təklif olunacaqdır.
Araşdırmalar Rusiya Elmlər Akademiyası Geologiya İnstitutunun şöbə rəhbəri, geologiya-mineralogiya elmlər doktoru Vasiliy Lavruşinlə birgə aparılır. Alimlər termal suların yüksək temperaturlu ocaqların dərinliyini hidrogeoloji, geokimyəvi, geodinamik, geotermik və digər kompleks üsullar ilə müəyyən edə bilirlər. Belə ki, su yerin səthinə tektonik çatlarla çıxanadək kilometrlərlə qalınlığı olan süxur qatlarından keçir. Tərkibindəki müxtəlif süxurlara aid komponentlər suyun nə qədər dərinlikdən gəldiyini müəyyən etməyə imkan verir.
Həmçinin, yerin təkinin geotektonik şəraitini, dərin tektonik çatların strukturunu və hidrogeodeformasiya sahələrinin dinamikasını tədqiq etməklə termal suların miqrasiya yollarını aşkarlamaq mümkündür. Bu, nəticədə termal suların ocağının yerləşdiyi koordinatları da müəyyənləşdirməyə imkan verir. Termal sulardan səmərəli istifadə etmək məqsədilə respublika ərazisinin rayonlaşma xəritəsinin tərtibi nəzərdə tutulur.
Tədqiqatların hazırkı nəticələri GGİ-nin Elmi Şurasında müzakirəyə çıxarılıb və bəyənilib.
SEVİL