AMEA Elm Tarixi İnstitutunun elmi katibi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin "Qondarma “erməni soyqırımı” ABŞ-Türkiyə münasibətlərində" adlı kitabı “Elm və təhsil nəşriyyatı” tərəfindən çap edilib.
Teleqraf.com xəbər verir ki, müəllifin sayca 16-cı kitabı olan yeni araşdırma XIX əsrin sonundan başlayaraq müasir dövrə qədər erməni iddialarının əsas səbəblərini və ABŞ-Türkiyə münasibətlərini tədqiq edir.
Bu gün tarixi həqiqətlərin üzə çıxarılmasına, gizli arxiv sənədlərinin araşdırılmasına, görkəmli tarixçilərin və antik alimlərin fundamental əsərlərində göstərilən faktların dünya ictimaiyyətinə çatdırılmasına çox böyük ehtiyac var. Dünyaya özünü “məzlum xalq” kimi tanıtmağa çalışan ermənilərin hər yerdə geniş təbliğat apararaq uydurma “erməni soyqırımı”nın tanınmasına ciddi cəhd etmişlər və bu gün də bu yolda yorulmadan çalışırlar.
Ermənilərin tarixi yalanlarının ən çox yayıldığı ölkə ABŞ-dır. Məhz ABŞ-Türkiyə münasibətlərində erməni diaspor və lobbisinin və fəaliyyəti, uydurma “soyqırımın” tanıdılması istiqamətində gördükləri işin tədqiq edilməsi mühüm əhəmiyyət kəsb edir. Kitabda “erməni məsələsi”nin meydana gəlməsi, iri dövlətlərin Osmanlı siyasəti, Anadoluda erməni qiyamlarının törədilməsi, ermənilərin Osmanlı dövlətinin parçalanmasında iştirakı, dinc türk əhalisinin erməni millətçi ekstremistləri tərəfindən qətlə yetirilməsi, ermənilərin “soyqırımı” iddiaları və pərdəarxası məqamları faktoloji materiallar əsasında təhlil edilir.
Kitabın rəyçiləri ABŞ və Ukrayndada yaşayan diaspor fəalları, redaktorları psixologiya üzrə elmlər doktoru, dosent Bayramov İmdad və jurnalist Atayev İlqardır.